Bakı Ekspo 2025 ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə keçib

709
Bakı Ekspo 2025 ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə keçib

Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib.

Mynews.az xəbər verir ki, Ekspo 2025 Bakı Əməliyyat katibliyindən Trend-ə verilən məlumata görə, bu hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.

2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu bəyan edir ki, Bakı şəhəri növəbti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Cari ilin noyabr ayında Paris şəhərində təşkil ediləcək BSB-nin Baş Assambleyasının 164-cü sessiyası zamanı üzv dövlətlər 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: "Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq."

Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib.

Qiymətləndirmə Missiyası "İnsan kapitalını inkişaf etdirək, Daha yaxşı gələcək quraq" mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab etmiş və bildirmişdir ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırki iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilmiş və qeyd olunmuşdur ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.

Maliyyə naziri və 2025-ci ildə BSB-nin ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov bildirib: "Biz BSB-nin İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına təklifimizlə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edirik. Gələn ay Parisdə keçiriləcək BSB-nin Baş Assambleyasının 164-cü sessiyası zamanı BSB üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik".

18 il ərzində BSB-nin 6 Ekspo sərgilərində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir.

Bakı şəhərinin namizədliyi seçilərsə, Ekspo 2025 ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcəkdir. Bu, bütöv regionda təşkil ediləcək BSB-nin ilk ümumdünya Ekspo sərgisi olacaqdır.

Xəbər lenti