Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.
Yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.
Xəsarət alan qız: "Arxa pəncərə tərəfdə oturmuşdum. Qabaqda "Kamaz"ı gördük. Gedib ona çırpıldıq. Ağız hissəm ağrıdığını hiss edib, özümdən getdim".
Təranə Kərimova (xəsarət alan): ""Kamaz"ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu".
Aytən Quluzadə (xəsarət alan): "Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram".
Bəybala Manafov (xəsarət alan): "Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim".
Oktay əsgərli (xəsarət alan): ""Kamaz" sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram".
Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.
Elxan Hüseynov (SDU-nun rektoru): "SDU-nun avtobusu yoxdur. Bu, marşurut taksisidir. Biz yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər onların vəziyyətində narahatedici hal olmadığını bildirdilər".
Qəza nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaşanıb.
Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.