Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.
Müşavirədə Fondun rayon (şəhər) şöbələrinin rəhbərləri iştirak edib.
S.Babayev vurğulayıb ki, əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.
Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır:
"Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə sadə və aydın şəkildə dolğun izahatlar verilməlidir”.
Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən nazir vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir:
"Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər də qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəlməlidir”.
Nazir, eyni zamanda, fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması yönündə işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. S.Babayev qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də getdikcə yüksəlməlidir.
S.Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.
Müşavirədə nazir Fondun fəaliyyət sahələrində mövcud problem və çatışmazlıqların aradan qaldırılması, idarəetmənin müasir və səmərəli təşkili, sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi, əhaliyə xidmətlərin tam şəffaflaşdırılması və bu sahədə vətəndaş məmnunluğuna nail olunması məqsədilə islahatlar proqramının hazırlanması barədə tapşırıq verib. S.Babayev vurğulayıb ki, Fondun fəaliyyətində qısa müddətdə ciddi dönüşə nail olunmalı, sosial sığorta sistemi təkmil iş mexanizmlərinə əsaslanmalı, sosial təminat növləri üzrə əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir.