Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitləri ailə üzvlərinə təhvil verilib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, meyitlərin müayinəsi başa çatıb və artıq ailələrinə təhvil verilib.
Xatırladaq ki, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.