Bu gün qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gənclərin bilikli, savadlı və vətənpərvərlik ruhunda böyüməsini təmin edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində Azərbaycan gəncləri istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə sayılan və seçilən gənclər olaraq tanınırlar. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclərə diqqət və qayğı göstərmək siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı sənədi də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında hazırlanıb, Dövlət Proqramının imzalanması ilə yeni inkişaf mərhələsinə doğru irəliləyir. Yeni Dövlət Proqramı 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir. Dövlət Proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub. Dövlət Proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Dövlət Proqramında gənclərin vətəndaşlıq və vətənpərlik tərbiyəsi, sağlamlıq və xüsusi qayğıya ehtiyacı olan gənclər mövzusu, məşğulluq və gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması, gənclərin yaradıcılıq və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, gənclərin və gənclər təşkilatının fəaliyyətinin ictimai həyatda dəstəklənməsi, beynəlxalq əməkdaşlıq, ekologiya, hüquq, informasiya texnologiyaları və intellektual fəaliyyətə dair məsələlər öz əksini tapıb. Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüş zamanı bununla bağlı bildirmişdir: "Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar".
Birmənalı şəkildə, demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edir. Eyni zamanda, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsinə gətirib çıxarır.
26 iyun Narkomaniya qarşı ümumdünya mübarizə günüdür
Müasir dövrdə gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr və festivallar təşkil olunur.
2017-cı ildə bu sahədə bir sıra yeni addımlar atılmışdır. Gənclər və İdman Nazirliyi bu sahədə xarici ölkələrin təcrübəsini və beynəlxalq praktikanı yaxından öyrənir, əldə edilən məlumat və vərdişlərin həyata keçirilməsi təmin olunur. Bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa, xüsusilə, gənclər təşkilatları ilə işbirliyinə böyük diqqət yetirilir. Ötən müddətdə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodik tövsiyələr işlənib-hazırlanmışdır. Qeyri-hökumət təşkilatları tərəfindən reallaşdırılan müvafiq layihələr çərçivəsində mövzuya dair çap məhsulları hazırlanaraq, gənclər arasında yayılmışdır. Bu faktdır ki, narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, "ağ ölüm" təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur.
Narkotika dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması və silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir. Hesablamaya görə, narkoticarət nəticəsində işbazlar hər il milyardlarla dollar maliyyə vəsaiti əldə edirlər. Bu təhlükəli virusun yayılmasına qarşı ciddi tədbirlər görülsə də, hələ ki, onun qarşısını almaq mümkün olmayıb. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai fəlakətə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Narkomaniyadan əziyyət çəkən ölkələr arasında kəskinliklə Azərbaycanın da adı hallanır. Etiraf edək ki, regionun bütün bölgələrində narkomaniya ilə bağlı statistik göstəricilər mövcuddur, narkomaniyanın genişlənərək cəmiyyətimizi ağuşuna alması və belə hallarla mübarizə dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilib. Lakin bu sahədə aparılan ciddi islahatlara baxmayaraq, narkomaniyanın qarşısını, bütünlüklə almaq qeyri-mümkün amilə çevrilib. Məsələnin kulminasiya nöqtəsinə çatması isə, narkomaniyanın artıq yeniyetmə gənclər arasında da yayılması ilə bağlıdır. Məhz bu səbəblə bağlı Azərbaycanda milli siyasət yürüdülür. Görülən işlər, qəbul olunan qanun və normativ aktlar narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi və hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirir. Bu, bir faktdır ki, görülən tədbirlər və həyata keçirilən təxirəsalınmaz işlərə baxmayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində, həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələ- rinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması və transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkündür.
Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri görülür
Ağrılı haldır ki, gənclər "ağ ölüm"ün gətirdiyi bəlalar haqqında bir o qədər məlumata malik deyillər. Bu istiqamətdə dövlət qurumları və bu istiqamətdə ixtisaslaşmış QHT-lər maarifləndirici layihələr həyata keçirsələr də, hələ də, müsbət nəticələr əldə etmək mümkün olmayıb. Narkomanlığın yayılması cəmiyyətdə digər mənfi halların genişlənməsi üçün zəmin yaradır. Narkotik asılılığında olan şəxslər sosium üçün təhlükə mənbəyi kimi çıxış edirlər. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, bir sıra problemlər kimi, narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bu problemə münasibətdə yeni mərhələ başlanmışdır. Bu mərhələnin ən müsbət cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 18 iyun 1999-cu il tarixli Qanunla qoyulmuşdur. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı ardıcıl mübarizə bir çox istiqamətlər üzrə əməli addımlar atılması zərurətini şərtləndirir. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Düzdür, müəyyən regionlarda, xüsusilə də, həbsxanalarda ekspertlərin, mütəxəssislərin iştirakı ilə, gənclər arasında tədbirlər keçirilir və söhbətlər aparılır. Bu bəlaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət-gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdu. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılmışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən etmişdir.
Bir sözlə, sağlam həyat və sağlam gələcək gənclərin öz əlindədir. Yetər ki, iradə və əzm nümayiş etdirilsin. Qətiyyət və özünə inam hesabına zərərli vərdişlərdən, o cümlədən, narkotik asılıqdan qurtulmaq olar. Deviz isə belə olmalıdır, "Narkomaniyaya yox deyək!"