Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən Mynews.az-a verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq.
İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb.
İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
İmtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər).
26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.
Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi”.
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.