Bakı Dairəvi-1 avtomobil yolunda Moskva prospektinin "Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunur.
Mynews.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərdən sonra artıq həmin avtomobillərin "Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin olunacaq.
Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılır. Bunula da əsas yoldan köməkçi yola yeni keçid hissə açılır.
Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn avtonəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.
İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.