İnsan orqanizmində qanın tərkibində olan narkotik vasitələri müəyyən edən xüsusi nanoçiplər hazırlanıb.
Publika.az xəbər verir ki, sözügedən qurğu yalnız həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə üçün nəzərdə tutulub. Buffalo Universitetindən olan bir qrup mütəxəssisin üzərində işlədiyi layihənin ilkin mərhələsi sona yetib.
Kiçik ölçüdə olan nanoçip qızıl tozu ilə örtülmüş gümüş lövhədən ibarətdir. Çiplə kontakta girən müxtəlif maddələr işığın təsiri vasitəsilə operativ analiz edilərək dərhal tədqiqatçının kompüterinə göndərilir. Məsələn, nanoçipin köməyilə bir neçə gün əvvəl narkotk vasitə qəbul etmiş şəxsin qanında onun qalıqlarını aşkarlamaq mümkün olur. Qan ilə yanaşı, şəxsin tüpürcəyindən alınan nümunə ilə də narkotik vasitənin miqdarı aşkarlana bilər. Yeni cihaz sayəsində qanda narkotik maddələrin aşkarlanması üçün lazım olan uzun laboratoriya prosedurlarına, sınaqlara ehtiyac qalmır.
Mütəxəssislər nanoçipi polislər tərəfindən sürücülərin sərxoşluğunu yoxlayan alkotester qurğusu ilə müqayisə edir. Onların sözlərinə görə, nanoçip qanda narkotikin mövcudluğunu təxminən 2 dəqiqəyə müəyyən etmək gücünə malikdir. Növbəti addım məhsulu sınaqdan keçirərək onu kütləvi istehsala verməkdir. Nanoçipin müsbət cəhətlərindən biri kimi onun maya dəyərinin az – 10 sent olması qeyd olunur.