Belə davam etsə, 2050-ci ildə dünya əhalisinin yarısı eynək taxma məcburiyyətində qalacaq. Tədqiqatçılar əvvəllər əsas səbəbi uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər.
Mynews.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Qeyd edək ki, parlamentin son iclasında təhsillə bağlı qanunvericiliyə dəyişiklik edilən zaman millət vəkili ölkədə eynək taxan şagirdlərin və uşaqlarının sayının artmasına diqqət çəkmiş və bildirmişdi ki, bir müddət öncə yaxından izlədiyi bir tədbirdə- Olimpiadada iştirak edən 300-ə yaxın şagirdin 120-yə yaxının gözündə eynək olub.
Millət vəkili bu məsələ ilə bağlı açıqlamasına davam edərək bildirib ki, ən son tədqiqatların nəticəsi isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir:
“Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur.
Misal üçün, buludlu havada insan gözü açıq havadakı işiqdan evdəki süni işıqla müqayisədə 30 dəfə daha çox lazımi qida və vitamin alır.
Açıq günlü havada isə bu fərq 300 dəfəyə çatır.
Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır.
Uşaqlar səhərdən axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib çıxarır.
Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir.
Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib yeməyini yeyən kimi, "get dərslərini hazırla" deyirlər.
Bu kimi yüklənmə ilə yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib çıxarır.
Həqiqətən də yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur.
Çünki onlar bütün gün yaxına baxırlar.
Eyni zamanda, uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter, telefonlarla da vaxt keçirirlər.
Bunlar da göz əzələləri üçün əlavə stressdir.
Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir”.
Millət vəkili daha sonra bildirib ki, profilaktik olaraq, əsas məsələ gözün gigiyenasına diqqət etməkdir.
Onun dediyinə görə, bu isə kompleks bir işdir. İdman, təmiz havada olmaq, qamətin düz saxlanması, işıqlandırmaya diqqət olunması və sairə:
“Görmə ölçülərinin artmaması üçün biz profilaktik olaraq gigiyenik qoruma işləri görməliyik.
Uşağın dərsdən gələndən sonra iki saat açıq havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq olmaz.
Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür. İkincisi, qidalanmaya fikir verməliyik.
Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır.
Hər bir maddənin qida rasionumuzda olmasına çalışmalıyıq.
Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər, balığın özü ilə yanaşı, yağı da faydalıdır.
İdman mütləqdir və əvəzedilməzdir. Uşaqların həyətə çıxarılması çox yaxşıdır.
Təmiz hava, oksigen əzələlərin qidalanmasına gətirib çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür.
Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar.
Amma “eynək taxırsa, idmandan uzaq olmalıdır”, - deyə bir şey yoxdur. Biz yağış yox, bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik.
Məsələn, Amerikada da miopiya problemi var, müasir texnologiyalardan istifadə edirlər, amma yükləmə yoxdur, uşaqlar təmiz havada çox vaxt keçirirlər, balaca uşaqlar soyuq havada çöldə olurlar.
Evdə uşaqların dərs hazırladıqları yerdə stolüstü lampalar olmalı, uşağın qaməti düz tutmasına fikir vermək lazımdır.
Oftalmoloq, məktəb və valideyn bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın.
Əgər bunları etməsək, mənfilik sürətlə artacaq və qalın eynək taxmaq məcburiyyətində qalacaqlar...”