Əkilməyən torpaqlar geri qaytarılır XƏBƏRDARLIQ

689
Əkilməyən torpaqlar geri qaytarılır XƏBƏRDARLIQ

Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmayacaq. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib.

Mynews.az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri qaytarılır. Aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb. 55 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan. Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

İndiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunublar.

Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadə istiqamətində də işlər həyata keçirilib. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılır.

Həmçinin istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir.

2015-ci ildən etibarən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə ümumilikdə təyinatı dəyişdirilən torpaqlarda daxil olmaqla 277 min hektar torpaq sahəsi də icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.

Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində də 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 Aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir.

Xəbər lenti