Azərbaycanda nikaha daxil olmaq istəyən gənclərin nikahdan qabaq nəsilartırma qabiliyyətinin olub-olmaması üzrə də müayinələrə cəlb edilməsi təklif edilir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova "Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər" mövzusunda keçirilən konfransda çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda ailələr ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağılır:
"Nikaha daxil olanların tibbi müayinəsi yalnız yoluxucu xəstəliklər üzrə aparılır. Tərəflər yoluxucu xəstəliklər üzrə müayinədən keçdikdən sonra nikaha daxil ola bilərlər. Amma yaxşı olardı ki, onların nəsilartırma qabiliyyətinin də olub-olmaması yoxlanılsın. Bunun da nikahqabağı şərtlərdən biri olması yaxşı olardı. Belə olduqda tərəflər də məlumatlı olardılar".
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov R.Kərimovanın qaldırdığı məsələnin əhəmiyyətli olduğunu bildirib. Lakin o qeyd edib ki, hazırkı dövrdə bunu etmək mümkün deyil: "Reproduktiv məsələni gündəmə gətirsək, büdcə buna imkan verməz. İcbari tibbi sığorta məsələsi tətbiq edildikdə bu məsələ öz həllini tapacaq".