Nazir sertifikasiya sisteminin tətbiqindən danışdı

689
Nazir sertifikasiya sisteminin tətbiqindən danışdı

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Mynews.az-ın xəbərinə görə, layihə barədə adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni - 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də, azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Eyni zamanda, iclasda “Təhsil haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır. Bununla bağlı “Təhsil haqqında” qanunun 26-1-ci (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) maddəsində dəyişiklik edilir.

Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bununla yanaşı, Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklif edilir. 

Yəni, “Təhsil haqqında” qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil altı yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Digər dəyişiklik isə maddənin 12-ci bəndinin ləğv edilməsidir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

İclasda iştirak yeni təhsil naziri Ceyhun Bayramov bildirib ki, 2014-cü ildən etibarən təhsil sistemində müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb:

“Bu, bir neçə mərhələni əhatə edib. Əvvəlcə Bakı şəhərini, sonra isə bölgələri əhatə edən bu proses artıq başa çatıb. Qeyd edim ki, bu proses ölkədə təhsilin inkişafı prosesinə də öz müsbət təsirini göstərib və bundan sonra da göstərəcək”.

Ölkədə sertifikasiya sisteminin uğurlu tətbiqini sözlərinə əlavə edən nazir bunun qanunvericilikdə öz əksini tapmasının müsbət məqam olduğunu söyləyib.

Xəbər lenti