Artıq keçirilməsi ənənə halını almış bu konfrans dövlət-sahibkar münasibətlərinin inkişafı istiqamətində mühüm platforma kimi çıxış etməklə yanaşı, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması baxımından mühüm rol oynayır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışında deyib.
İcraçı direktor bildirib ki, ötən illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə yüksəlib:
"Təbii ki, bu, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olub. Bununla yanaşı, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürüb. Məhz bu tələblərin reallaşdırılması, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb".
O.Məmmədov Agentliyin yaradılmasını dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirərək bu münasibətlə biznes ictimaiyyətini təbrik edib.
O qeyd edib ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda - Kiçik və Orta Biznes evlərində təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək:
"Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda "bir pəncərə" prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında da mühüm rol oynayır. Məhz bu amilləri nəzərə alaraq, Agentliyin nəzdində ölkənin rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır. Bu evlərin yaradılmasında əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə yanaşı, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçirilməsinə nail olmaqdır".
O.Məmmədov vurğulayıb ki, Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək:
"Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitində öz fəaliyyətini düzgün təşkil etməsi ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlmiş bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən, təlim, konsaltinq və s. xidmətlərin təşkili sistemi yaradılacaq.
Fəaliyyətimizin səmərəsi kiçik və orta biznesin inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, kiçik və orta biznesin iqtisadiyyatdakı rolunun artırılması və təbii ki, bu qabaqcıl məqsədlərə nail olmaq üçün sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işimizi aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində qurmaq niyyətindəyik. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir".
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru O.Məmmədov yekunda konfransın işinə uğurlar arzu edərək, sahibkarları Agentliklə sıx əməkdaşlığa dəvət edib.