Nizami rayonu, Mehdi Abbasov küçəsində aylardır ki, dayanacaqlar var, ancaq avtobus yoxdur. Küçədə olan ən müasir dayanacaqda biri on min manata başa gələn nəqliyyatın intelektual idarəetmə sistemini özündə əks etdirən monitorlar, sərnişinlərin əyləşmələri üçün skamyalar da quraşdırılıb. Lakin marşrut xətti unudulub.
Mynews.az musavat.com-a istinadən bildirir ki, sakinlər şikayət edərək bildiriblər ki, əvvəllər buradan avtobus keçsə də, sonradan dayanacaqları saxlayıb, avtobusları yışdırdılar:
"Buradan əvvəl Binəyə, Sədərəyə, Zabrata işləyən avtobuslar keçirdi ki, onlar vasitəsilə metroya qədər gedirdik. İndi isə metroya getmək üçün gərək bir kilometrdən çox piyada yol gedək. Dayanacaq varsa, bu boyda küçədə nə üçün avtobus olmamalıdır?",-deyə sərnişinlər bildirdilər. Müşahidə etdik ki, dayanacaqda bir nəfər sərnişin dayanıb, avtobus gözləyir. Sakinlər bildirdilər ki, bu dayanacaqlarda hər gün kimlərsə dayanıb, avtobusun gəlməyini gözləyir. İnsanlar inanmırlar ki, dayanacaq quraşdırıldığı halda avtobus olmasın. Onu da qeyd edək ki, dayanacaqlar yolun hər iki tərəfində quraşdırılıb. Yolun üstündə şadlıq sarayları, stomatoloji klinikalar və hətta bu yaxınlarda açılışı olan Bona Dea Beynəlxalq Hospitalı da yerləşir.
Məsələ ilə bağlı küçənin sakinləri ötən il də musavat.com-a müraciət edib, öz şikayətlərini bildirmişdilər. Həmin vaxtı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev aşağıdakıları bildirmişdi: "Problem tezliklə öz həllini tapacaq.
Yaxın vaxtlarda 15 və 40 nömrəli marşrut xətləri üzrə avtobusların son dayanacaq məntəqəsi məhz həmin ərazidəki məntəqəyə keçiriləcək. Məqsəd həm dediyiniz ərazidə sakinlərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, həm də metronun "Qara Qarayev" stansiyası yaxınlığında avtobus dayanacaq məntəqəsindəki sıxlığı avtobusların xaotik hərəkətini aradan qaldırmaqdır".
Lakin artıq bir ildən çox vaxt keçib, problem hələ də öz həllini tapmayıb.