Azərbaycanda biznesmen və məmur övladlarının təhsil aldıqları özəl məktəblər Dəhşətli qiymətlər

628
Azərbaycanda biznesmen və məmur övladlarının təhsil aldıqları özəl məktəblər Dəhşətli qiymətlər

Yaxşı təhsil gələcək üçün yandırılan yaşıl işıq kimidir. Övladlarının gələcəyini düşünən hər bir valideyn onun yaxşı təhsil alması üçün çalışır.

Bildiyimiz kimi Azərbaycanda orta təhsil pulsuz olsa da, müasir dövrdə özəl təhsil ocaqları trendə çevrilib. Qərb ölkələrində özəl təhsilin ənənəsinin qədim tarixi olduğu halda, Azərbaycanda bu ənənə 90-ci illərdən start götürüb, həm də nə götürüb. Paytaxtdakı özəl təhsil müəssisələrinin illik qiyməti hətta ölkəmizdəki ali təhsil ocaqlarının illik təhsil haqqından qat-qat bahadır.

Mynews.az  “minval.info” saytına istinadən xəbər verir ki, ilk özəl təhsil müəssisəsi kimi ad çıxaran TİSA (The İnternational School of Azerbaijan) həmin illərdə paytaxtın ən prestijli, bahalı təhsil ocağı hesab olunurdu. Məktəb rəhbərliyindən verilən məlumata əsasən, burada ilkin olaraq BP və başqa neft-qaz şirkətləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının övladları təhsil almalı idilər.

Hazırda burada təhsil almaq üçün 24 mini gözdən çıxarmaq lazımdır. Hətta indi də burada təhsil alan uşaqların böyük əksəriyyəti xarici ölkə vətəndaşlarıdır.

“The International School of Azerbaijan” məktəbində isə təhsil bağça yaşından başlayır. Burada valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir. 1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı isə təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır. Bu fantastik qiymətin qarşılığında hansı ayrıcalıq tanınması ilə maraqlanırsınız?

Rəhbərlik bu məbləğə məktəb tərəfindən birbaşa məzunun bakalavr pilləsinə yiyələnmə ilə əlaqələndirir.

Bahalı, özəl təhsil müəssisələrinin liderlik siyahısında növbəti məktəb “Bakı Oksford”dur. 1998-ci ildən fəaliyyət göstərən məktəb “Kembric” Universitetinin imtahan mərkəzi və BMT yanında QHT-nin üzvüdür. Adından da göründüyü kimi burada təhsil ingilis dilindədir və təhsil müddəti 12 ildir.

Buraya qəbul olunmaq üçün əvvəlcə ingilis dilindən imtahan vermək lazımdır, qəbul olduqdan sonra ikinci əlavə dil təklif olunur. Qiymətə gəlincə isə bir illik təhsil haqqı 1-9-cu siniflər üçün 14 min 500 manat, 10-12-ci siniflər üçün 16 min 500 manatdan keçmək lazımdır.

Digər bir məktəb Bakı Avropa məktəbidir. Burada da qiymətlər dodaq çatladacaq cinsdəndir. Belə ki, 1-4-cü siniflər üçün 9800 AZN, 5-9cu siniflər üçün 12000 AZN, 10-11-ci siniflər üçün 14000 AZN nəzərdə tutulub.

Onu da qeyd edək ki, bu məktəbdə Himayədarlar Şurası yüksək təhsil nəticələri göstərən, lakin ailəsinin maliyyə çətinlikləri olan məktəbin hazırki şagirdlərini dəstəkləmək üçün Maliyyə Yardımı Proqramını həyata keçirir.

Maliyyə Yardımı ilə maraqlanan valideynlər məktəbin internet səhifəsindən və ya məktəbin qəbul şöbəsindən məlumat əldə edə bilərlər. Bu zaman təsdiqlənmiş ərizələr daha sonra məktəb tərəfindən baxılacaq və şagirdin təhsil və davranışı barədə rəylər nəzərdən keçirilir. Maliyyə yardımı üzrə qrantlar əksər hallarda daha çox şagirdin bu yardım fondundan yararlanması baxımından təhsil haqqının müəyyən hissəsi üçün verilir.

Qeyd edək ki, Azərbaycanda ən populyar məktəblər sırasında özəl türk liseyləri birincilik edir. Ali məktəblərə qəbul zamanı da bu liseyin məzunları ön sıraları tutur. Lakin araşdırma zamanı bunların vətəndaşa heç də ucuz başa gəlmədiyi müəyyənləşdirdik. “Qafqaz İbtidai Gimnaziyası”nda 1-ci sinifdən 6 -cı sinfə qədər illik təhsil haqqı 7350 manatdır.

“Bakı Türk Liseyi”ndə illik ödəniş 8000 manat, “Dədə Qorqud” liseyində isə 5550 manatdır. Paytaxtda türk liseyləri arasında qiymətinə görə, ən münasibi “Atatürk liseyi”dir ki, onun da illik təhsil haqqı 1500 manatdır.

Nəzərə alsaq ki, hər il 700 bal toplayan gənclərimizin əksəriyyəti dövlət məktəblərinin payına düşür, o zaman belə bir sual ortaya çıxır, az qala bir otaqlı evin qiymətinə olan bu özəl məktəblərdə oxumaq nə qədər lazımlıdır? Bu məktəblərin əksəriyyəti beynəlxalq dərəcəli sertifikat verdiyi üçün xarici ölkələrdə bakalavr təhsili almaq daha da rahatlaşır, dil bilikləri daha yüksək səviyyədə öyrədilir, özəl məktəblər müasir resurslarla daha yaxşı təmin olunub və bu baxımdan dərslər interaktiv şəkildə həyata keçirilir.

Bu gün yüksək vəzifələrdə çalışan insanlara nəzər salsaq görərik ki, onların heç də hamısı özəl məktəblərin məzunu deyil. Hər kəsin gələcəkdə tutduğu vəzifə, dünyagörüşü, insanlığı bu qədər yüksək məbləğlərdən keçmir. Sonda, hər şey insanın özündən asılıdır.

Xəbər lenti