Sosial şəbəkədə yayılan video ilə məşhurlaşan gənc, əslən Masallı rayonu Həsənli kəndindən olan Sahil Dövlətovdur. Onu yaxınları "Milli hörümçək adam” ləqəbi ilə çağırırlar.
Mynews.az bildirir ki, qısa zamanda "İnstagram” və "Facebook”da tanınan Sahil Dövlətov BAKU.WS-ə müsahibə verib.
Əvvəllər hərbi kəşfiyyatda işləyən Sahil Dövlətovun arzusu yenidən hərbiyə qayıtmaqdır. Hazırda subaydır və evlənmək istəmir.
S.Dövlətov müsahibəsində bu və digər maraqlı məqamlara aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:
– Çox təhlükəli işlə məşğul olursan. Həm də, bu işi heç bir təhlükəsizlik qaydalarına əməl etmədən edirsən. İlk öncə bu məsələyə aydınlıq gətirməyini istərdim…
– Mənim peşəm çox təhlükəlidir. Hər an oradan yıxılma və həyatımı itirmə təhlükəsi var. Ora qalxıb işləyəndə kəmər taxmaq olmur. Zəncir taxmaq lazımdır. Onu da gərək tikinti şirkətləri versinlər. Onu da vermirlər. Verməyəndə də canımızı təhlükəyə atıb işləyirik. İnsan gərək işini sevsin. İşimdən razıyam və sevirəm.
2013-cü ildən bu işə başlamışam. Bir usta ilə tanış oldum və onun yanında bir günə öyrəndim. Sonra isə dəmirləri özüm qurmağa başladım. Bizim işimizin adı usta gedir. Gündəlik kvadrata işləyirik. Nə qədər çox dəmir qursam, o qədər də çox qazanmaq olar.
– Qazancdan söz düşmüşkən, gündə nə qədər qazancın olur?
– Bir günə 250-300 manat çıxır. Elə olur ki, 10-15 gün iş olur, bir binanın qarşısında dəmirləri qurub qurtarırıq. 3000 manat qazanırıq. Bir də görürsən bir ay iş olmur. Bu zaman gözləyirəm. Iş olmayanda qazandığımı xərcləyirəm. Bəzən iş çox olur, dayanmadan, dincəlmədən işləyirəm.
– Bəs fasiləsiz işləyəndə yorulmursan ki?
– Yoruluram, bəzən günortaya qədər işləyirəm. Görürəm ki, 200 manat işləmişəm. Gedirəm evə dincəlməyə. Danışırıq ki, binanı 15 günə təhvil verəcəyik. Tez işləyəcəm, tez qurtarıb, pulumu alacam. Gec işləyəndə isə qazanc az olur, xərclər isə çox.
– İndiyə qədər hansı hündürlükdə işləmisən?
– Hələlik, Bakıda, Ağ Şəhərdə 32 mərtəbəli binalarda işləmişəm. Biri var hündürlüyə çıxmaq və dayanmaq, bir də var, həmin hündürlükdə işləmək. Mən istənilən hündürlükdə 5 dəqiqə durduqdan sonra gözüm alışır və orada rahat şəkildə işləyə bilirəm. Hündürlük qorxum yoxdur. Hardasa 65-70 metr hündürlükdə işləmişəm.
– Hansısa idman növünə marağın olubmu?
– Alpinizmdə təlimçi işləmişəm.
– İndiyə qədər hansı uğurlar qazanmısan?
– Bir işi diqqətlə izləyim, onu dərhal bacarıram. İstəyirəm daha irəli gedim. 20 yaşımdan işləyirəm, indi 25 yaşım var. Lakin bu işlə heç nə edə bilməmişəm. Cavanlığım gedir. Kanallarda verilişə də çıxmışam. Lakin mənə uyğun normal maaşlı iş tapa bilmirəm ki, işimi davam edim.
– Hündürlükdən yıxılma təhlükəsi olubmu?
– Bir dəfə yay ayında çəkələkdə işləyirdim. Qəfil bir anlığa əlim sürüşdü. Onda 4-cü mərtəbədə idim. Allah saxladı ki, dəmirdən çölə düşmədim. Dəmirlərə dəyə-dəyə sonuncu mərtəbədə ilişib qaldım. Həmin günü məni oradan uzaqlaşdırdılar. Əslində həmin tikinti şirkətinə də haqq verirəm. Onlar da çörək qazanırlar və işlərini itirmək istəmirlər. Mənə nəsə olsaydı, məsuliyyət daşıyacaqdılar. Binadan nə qədər istəsən tikə bilərsən, lakin bir insanı yarada bilməzsən.
– Niyə özünü təhlükəyə atırsan?
– Əslində bu işi görəndə təhlükəsizlik kəməri mənə mane olur. Çünki iş görən zaman bir yerdə qalmıram. Qurduğum taxtanı üst qata yerləşdirirəm. Bu zaman təhlükəsizlik kəməri uzun olmalıdır. Tikinti şirkəti gərək işçilərə uzun təhlükəsizlik kəməri versin. İşçi formaları əynimizə böyük olur. Bu zaman işçilər böyük formanı geyinəndə əziyyət çəkirlər. Düzdür mən forma geyinmirəm. Kəmərlə hərəkət edəndə bir də görəcəksən ki, dartılır və saxlayır. Əlimdə tutduğum dəmir də bir yandan mane olacaq. Bu zaman bədbəxt hadisə baş verə bilər. Bu işin yöntəmi budur. Cəld işləməyim üçün kəmər mane olur.
Bəzən sosial şəbəkələrdə şərhlərdə təhqiramiz sözlər yazırlar. Ünvanıma tənqidlər yazırlar. Niyə ünvanıma artıq-əskik sözlər yazırlar? Axı məni tanımırlar. Ora çıxıb, halal çörəyimi qazanıram. Gedib haram çörək qazanmıram. Məni düşünən varsa, şəxsən özümə yazsın. Mən də həmin adamın cavabını verim. İşin əslini başa salım. Yoxsa mənə ağılsız demək, etikadan çıxmış sözlər yazmaq düzgün deyil.
– Gələcəyini qurmaq üçün nə fikirləşirsən? Həmişə "hörümçək adam” kimi qalmaq istəyirsən?
– "Hörümçək adam” həmişə yaddaşlarda qalacaq. İş tapmayana qədər bunu bacarıram və işimi görəcəyəm. Əgər gündəlik 300 manat qazanıb, çatdıra bilmirəmsə, aylıq maaşla işləsəm, heç çatdıra bilmərəm.
Bəzən soruşurlar ki, niyə evlənmirsən? Bunun səbəbi isə çox sadədir. Dost-tanışın evlənib, necə çətinlik çəkdiklərini görmüşəm. Bəzən belə dostlar gəlib borc istəyirlər. Fikirləşirəm ki, ailə saxlamağın maddi çətinlikləri var. İstəmirəm ki, evlənib, kiminsə balasını bədbəxt edim.
– Bəs gələcəyini necə qurmaq istəyirsən?
– Uşaqlıqdan bir arzum olub. Bəlkə də gülməli çıxacaq, istəmişəm ki, maşınım olsun, taksi xidməti göstərim…
– Axı bayaq dedin ki, gündəlik 300 manat qazanırsan. Bu qazancla maşın ala bilərsən də. Bəs bu pullar hara gedir?
– Mən kirayədə qalıram. Bu iş də həmişə olmur. İndi 200 manatla bir marketə girib, 10 günün ərzağını güclə alırsan.
– Bəlkə israfçılıqla məşğul olursan, ona görə çatdıra bilmirsən?
– Qazandığım pula mal-qara alıram və kəndə göndərirəm. Valideynlərim orada yaşadıqlarına görə, heyvan alıb, ora göndərirəm. Mal-qaranın balalarını da bir müddətdən sonra satıram, qazanc götürürəm. Yəni təsərrüfatla məşğul oluram. Sözün düzü mən həqiqətən də israfçı olmuşam. Bu il başlayandan pul qazandıqca rayona göndərirəm. Mal-qara alırlar. Masallıda heyvan saxlamaq rahatdır. Ətraf yaşıllıqdır. Hazırda "ağıllanmışam”.
– Ailədə neçə nəfərsiz?
– Anam, atam və bir qardaşım var. Qardaşım fəhlə işləyir. O məndən arıq və cansızdır. Əsəbidir.
– Sən də əsəbi görünürsən…
– Doğrudur, əsəbiyəm. Elə hərbidən çıxmağıma səbəb də əsəbi olmağımla bağlı olub. Lakin ən böyük arzum hərbiyə qayıtmaqdır.