İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a bildirilib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərinə gəlincə, şimal çimərliklərdə (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərdə isə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında axşam hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.