Lənkəranda imtahanda yüksək bal topladıqdan sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru vəzifəsinə təyin olunan gənc müəllim Fazil Gülverdiyev Lənkəran şəhər Təhsil şöbəsinə rüşvət vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazaraq vəzifəsindən uzaqlaşdırılıb.
Fazil Gülverdiyev Unikal.org-a müsahibəsində iddia edib ki,Lənkəran şəhər Təhsil şöbəsinin keçmiş rəhbəri tərəfindən ondan dəfələrlə rüşvət tələb olunduğuna görə, məcburi şəkildə ərizə yazaraq vəzifəsindən istefa verib:
-Siz iddia edirsiz ki, sabiq şöbə rəisinin tələbi ilə ərizə yazmısız. Bəs necə məktəb direktoru ola bildiniz?
-Hazırda Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbində müəllim işləyirəm. Özüm ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Bir kitabın müəllifiyəm. 2016-cı ildə Təhsil Nazirliyi Lənkəran rayonunda yerləşən 14 məktəb üzrə direktor vəzifəsinə vakansiya elan etmişdi. 2016-cı ildə keçirilən direktorların işə qəbulu imtahanında 60 sualdan 50-sinə düzgün cavab verərək 50 bal topladım. İmtahanda ən yaxşı nəticə toplayan 4 müəllim arasında oldum. Bundan sonra, növbəti mərhələdə Təhsil Nazirliyinin məsul işçilərindən ibarət komissiyanın təşkil etdiyi müsabiqədən yüksək bal topladım. 10 gündən sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbinə direktor təyin olundum. Daha sonra sabiq təhsil naziri Mikayıl Cabbarov yeni direktorlarla görüş keçirdi və hər birimizi təbrik etdi.
-Bundan sonra nə baş verdi?
-Bundan sonra rayona qayıtdım. Lənkəran şəhər Təhsil şöbəsinin sabiq müdiri Şəhanə Əhmədova məni qəbul etdi. O məndən yeni vəzifəmə görə, rüşvət tələb etdi.
Bildirdi ki, pul verməliyəm, əks halda nazir mənimlə bağlı verdiyi əmri geri götürəcək. Soruşdum nəyə görə? Cavab olaraq əlavə etdi ki, 7 min pul verməliyəm. Səbəb kimi, sözügedən vəsaiti müvafiq icra orqanlarına çatdıracağını bildirdi.
-Bəs siz rüşvət verdinizmi?
-Bəli. Şəhanə Əhmədova məndən 7 min manat pul aldı. İstəmədim ki, yeni işimdə hansısa problem yaransın. Onun tələb etdiyi pulu tapıb, özünə verdim. Bundan sonra məktəbə getdik və təhvil-təslim aktı aldım. Məktəbdə dərs bölgüsü apardım, kollektivlə işə başladım. Orada heç vaxt olmayan müasir, qanunvericiliyə uyğun qaydalar tətbiq etdim. Bütün kənd camaatı da bu dəyişikliklərdən razı idilər. Məktəbdə şagirdlərin dərsə davamiyyəti də yaxşı idi. Bir neçə ay üzərindən keçdikdən sonra, gözlənilmədən Şəhanə Əhmədova məni məktəb direktoru kimi sıxışdırmağa başladı.
-Rüşvət verdiyiniz halda nəyə görə sizi sıxışdırırdı?
-Məndən əvvəl məktəbdə direktor əvəzi Günay İsmayılova idi. O, bu vəzifəyə təyin olunmaq üçün Şəhanə Əhmədovaya 8000 manat rüşvət vermişdi. Məndən sonra, Əhmədova məcbur olub, Günayı Veravul kənd 2 nömrəli orta məktəbinə direktor əvəzi təyin etdi. Çünki, Günay xanım ondan pulunu tələb edirdi. Halbuki, Günay İsmayılova Təhsil Nazirliyinin direktorların işə qəbulu imtahanında 2016-cı ildən bəri 2 dəfə iştirak etmiş, lakin birinci mərhələni belə keçə bilməmişdir. İmtahanda cəmi 16 bal toplamışdı.
-Siz bunu hardan bilirdiz ki, o, Şəhanə Əhmədovaya rüşvət verib?
-Mən direktor təyin olunandan sonra, Günay İsmayılova müəllim kimi məktəbdə çalışırdı. Dəfələrlə Ş.Əhmədovanın yanına gedir, ondan pulunu tələb edirdi. Bundan sonra, sabiq şöbə rəisi məcbur olub, Günay İsmayılovanı Veravul kənd 2 nömrəli orta məktəbinə direktor əvəzi təyin etmişdi. Məqsədi onu sakitləşdirmək, ora-bura şikayət etməsinin qarşısını almaq idi. Bundan sonra onların əsas işi məni məktəbdə vəzifəmdən kənarlaşdırmaq oldu. Bu məqsədinə də Şəhanə Əhmədova qısa müddət ərzində çata bildi.
-Sizə hansı yollarla təzyiqlər edilirdi?
-Şəhanə Əhmədova məktəbə dəfələrlə yoxlama göndərir, fəaliyyətimdə nöqsanlar tapmağa çalışırdı. Fəaliyyətimdə qüsur tapmaq üçün oktyabr, noyabr ayında məktəbə kompleks yoxlama göndərdi. Heç bir problem tapa bilmədi. Məni təhsil şöbəsinə çağırıb, yenidən rüşvət tələb etdi. Bu dəfə rüşvətin məbləği 5 min manat idi. O etiraf etdi ki, Günay İsmayılovadan rüşvət alıb: "Hazırda da G.İsmayılova rəhbəri olduğun məktəbin direktor əvəzi olmaq üçün mənə 5 min rüşvət təklif edir. Bu məbləği sən mənə versən, vəzifəndə qala bilərsən”. Müəllimlərin maaşları hesabına, hər ay təhsil şöbəsinə 199 manat rüşvət göndərirdik.
-Siz 5 min də rüşvət verdiniz?
-Xeyir. Bu dəfə bu məbləğdən imtina etdim. Çünki, bu məbləği verə bilməzdim. Mən Şəhanə Əhmədovaya dedim ki, biz müəllimik, aylıq maaş alırıq. Sizin tələb etdiyiniz pulu mən hardan gətirə bilərəm? Hər dəfə çağırıb, bir problem çıxarırsız.Bundan sonra məktəbdə müəllimlərlə aramda müəyyən problemlər yaratmağa başladı. Haqqımda şöbəyə şikayət olundu. O, yenidən məni şöbəyə çağırıb, vəzifəmdən getmək üçün ərizə yazmağımı tələb etdi. Bildirdi ki, özün ərizə yaz, fəaliyyətində ciddi nöqsanlar var, əks halda özüm səni qovacam. Məcbur olub, ərizə yazdım və cənab sabiq nazir də işdən azad olunmağım üçün əmr verdi. Şəhanə Əhmədova Günay İsmayılovanı yenidən məktəbimizə direktor əvəzi təyin etdi. Nəhayət hər ikisi arzularına çata bildilər.
-Məsələ ilə bağlı nazirliyə niyə müraciət etmədiniz?
-Hər yerə müraciət etmişəm. Günay İsmayılova Tükəvilə kənd tam orta məktəbində hazırda qanunsuz əməllərlə məşğuldur. Mən onları videoya da çəkmişəm. Əlimdə sübutlar da var. Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbində dərs zamanı pullu məşğələ keçirlər. Buna sübut kimi, məktəbin riyaziyyat müəllimi Kəmalə Quliyevanı da videoya çəkmişəm. Başqa fakt! Qanunla direktor müavini məktəbdə yalnız 6 saat dərs deyə bilər. Amma, Günay İsmayılova başqa yolla direktor müavini Murad Əzizova pul qazanmasına şərait yaradıb. Belə ki, başqa müəllimin adına əlavə dərs saatı yazdırır. Maaş dövründə bu pulu sözügedən müəllimin kartından çıxararaq Murad müəllimə verir. Bunlar ciddi maliyyə pozuntularıdır. Hər iki faktla bağlı müvafiq qurumlara müraciət etmişəm. Həmçinin bir neçə gün əvvəl məktəbdə qanunsuz pullu məşğələ keçən müəllimin görüntüsünü də Lənkəran rayon polis şöbəsinə təqdim etmişəm. Bu işi də bağlamaq istəyirlər.
-Şəhanə Əhmədova vəzifəsindən azad olunandan sonra onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmisiz?
-Bəli. Baş Prokurorluğa bununla bağlı müraciət etdim. Prokurorluqda cinayət işi açıldı və o istintaqa dəvət edildi. O, izahatında məndən rüşvət almadığını bildirdi. Bunun üçün məndən sübut tələb olundu. Halbuki, 7 min manat pulu mən onun qəbul otağında vermişəm. Qəbul otağına daxil olan zaman telfonlarımızı da əlimizdən alırdılar. Rüşvət verdiyimi Baş Prokurorluğa sübut edə bilmədiyim üçün iş onun xeyrinə bağlandı.
-Hazırda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovdur. O bu barədə nə deyir?
-Sonuncu maliyyə pozuntuları ilə bağlı A.İbrahimova da müraciət etmişəm. O, başqa yerlərə şikayət etməməyim üçün, 2-3 dəfə məni şöbəyə çağırıb.
-Şöbəyə çağırıb sizə nə təklif edib?
-Bildirib ki, sənə vəzifə verəcəyik. Amma çatışmamazlıqlarla bağlı heç yerə müraciət etmə!
-Yeni şöbə rəhbəri sizi hansı vəzifəyə təyin etmək istəyir?
-Deyir ki, rayonun özündə məktəblər var. Yeni tədris ilindən səni onların birinə yerləşdirəcəm. Cavab olaraq bildirdim ki, mən direktor vəzifəsində çalışmışam, hazırda isə bu vəzifəyə iddiyam yoxdur. Sadəcə olaraq tələbim ondan ibarətdir ki, nöqsanlar aradan qaldırılsın. Hər məktəb şöbəyə aylıq "haqq” ödəyir. Məbləğ müxtəlifdir. Şagird və müəllim heyyətinin sayına görə, aylıq rüşvətin məbləği də dəyişir.