Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır.
Mynews.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov Lent.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlikdə aidiyyəti struktur bölmələrlə direktorların işə qəbulu ilə bağlı yeni qaydaların müzakirəsi aparılır: "Artıq bu qaydalar bir neçə mərhələdən keçib və razılaşdırılma mərhələsindədir. Yaxın zamalarda qaydalar təsdiq olunacaq və qaydalarda nəzərdə tutulan yeniliklər barədə ictimaiyyətə məlumat veriləcək".
E. Bağırov deyib ki, hazırda direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Sadəcə olaraq ötən ilin dekabrında müsabiqənin bütün mərhələləri başa çatıb və 200 nəfərə yaxın pedaqoji işçi direktor vəzifəsinə təyin olunub. 2018-ci ildə isə hələ ki, müsabiqə keçirilməyib. Biz yeni qaydaların təsdiqini gözləyirik. Yeni qaydalar təsdiq edildikdən sonra ona uyğun olaraq müsabiqə keçiriləcək.
Direktor müavinlərinin işə qəbulunda da yeniliklər gözlənilir. Əgər əvvəlki illərdə direktor müavinləri üçün işə qəbul tələbi yalnız pedoqoji təhsilli olmaları və müvafiq pedoqoji stajının olmağı idisə, yeni qaydalara əsasən, direktor müavini vəzifəsinə yalnız həmin vakant yer olan, yaxud digər məktəblərdə müəllim vəzifəsində çalışan pedoqoji işçi irəli çəkilmək yolu ilə işə qəbul oluna bilər: "İllər əvvəl işdən ayrılmış, lakin həm ali təhsilli, həm pedoqoji təhsilli, həm müvafiq iş stajına malik namizədlər yox, sırf müəssisənin özündən, öz kollektivindən, yaxud digər müəssisənin kollektivindən müəllimlərin irəli çəkilmək yolu ilə təyinat məsələsi həyata keçiriləcək. Bununla da biz kollektiv arasında motivasiyanın yüksəlməsinə nail olacağıq".