Komfortlu otellərdə Həcci olanlara BƏD XƏBƏR Hacı Şahin Həsənli OLMAZ DEDİ

652
Komfortlu otellərdə Həcci olanlara BƏD XƏBƏR Hacı Şahin Həsənli OLMAZ DEDİ
Türkiyədə Həcc və Ümrə ziyarəti üçün xüsusi turların qiyməti 14 min dollardan başlayır və 30 min dollara qədər yüksəlir. Qardaş ölkədən bu il Həcc ziyarətinə gedəcək olan zəvvarların nə qədər xərcə düşəcəyi də məlum olub. Hətta hacı namizədləri üçün otellərlə yanaşı, gecələmək üçün ayrıca otaqlar da təklif olunub. Belə ki, iki nəfərlik otaqda hər nəfər üçün qiymət 15 500 TL (4343 dollar), 3 nəfərlik otaqda hər nəfər üçün 14 min TL (3923), 4 nəfərlik otaqda isə hər nəfər üçün 12 min 250 TL (3362), oteldə qalmağı seçənlər üçün isə qiymətlər 22 min 750 TL (6375 dollar), 24 min 500 TL (6865 dollar), 27 min 500 TL (7705 dollar), 39 min 750 TL (11138 dollar) məbləğində müəyyənləşib. Müqəddəs torpaqlara təşkil edilən xüsusi turların istifadəçilərinə gəlincə isə onların arasında sənətçilər, iş adamları, dövlət rəsmiləri, idmançılar və s. insanlar olur. Xüsusi turlarla Ümrə ziyarətinə gedən zəvvarlar 2500 dollardan başlayaraq 5000 dollara qədər pulu gözdən çıxarmalıdırlar. Turizm şirkətləri lüks ziyarətlər üçün ilk növbədə VİP nəqliyyatlardan istifadə olunduğunu, 50 nəfərlik avtobuslarlın 28 yerlik xüsusi avtomobillərlə əvəz edildiyini açıqlayıblar. Hətta həmin avtomobillərdə 20 nəfər əyləşir, insanlar ziyarət yerlərinə ən yaxın hotellərdə yerləşdirilir, beşulduzlu hotellərdə də Kəbənin göründüyü otaqlar ayrılır. Xüsusi tur seçən hacı namizədləri səhər, günorta və axşam açıq büfetdən yemək yeyə bilirlər. Eyni zamanda, Ərafatda da kondisionerli çadırlarda qalırlar, həmin çadırlarda yeməklər də beşulduzlu hotellərin aşpazları tərəfindən hazırlanır. Normal turlarda 40 nəfərə bir insan xidmət edərkən, xüsusi turlarda 5-6 insana 1 vəzifəli düşür. Ümumiyyətlə, Həcc ziyarətinə gedənlərin bu qədər yüksək məbləğ ödəməsi nə dərəcədə doğrudur?
 
Mynews.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli "Report"a bildirib ki, Həcc ziyarəti həmdərdlik aşılayan bir əməldir: "Həcc ziyarəti üçün bu qədər vəsaitin ödənilməsinin düzgün olmadığını deyə bilmərəm. Amma Həcc ziyarəti həmdərdlik aşılayan əməldir. Həcc zamanı müxtəlif təbəqələrə mənsub adamların bir müddət ayinləri birgə icra etməsi müsəlmanlar arasında bərabərliyi təbliğ edən dəyərdir. Ona görə də Həcc ziyarəti zamanı həddən artıq rahatlıq axtarmaq, təmtərağa çox diqqət etmək, Həcc ayinini dəbdəbəli şəkildə icra etmək düzgün deyil. Bu hal şəriətlə qadağan olunmasa da, mənəvi baxımdan düz hesab etmirəm. Təbii ki, zəvvarlar üçün minumum şərait təmin edilir. İnsanın gecələməsi, qidalanması üçün şərait yaradılır. Amma həddən artıq komforta meyil etməyi və bahalı otellərdə qalmağı o qədər də yaxşı hal hesab etmirəm. Bu amil Həccin ruhu, mahiyyəti ilə bir araya sığışmır".
 
İlahiyyatçı Azərbaycanda belə bir halla rastlaşmadığını deyib: "Ölkəmizdə bu işi QMİ həyata keçirir və standart qiymətlər, xidmətlər təklif olunur. Ona görə də hansısa xüsusi imtiyaz tələb edən insanla rastlaşmamışam. Bu gün Azərbaycan zəvvarları üçün orta həddə xidmətlər təklif olunur. Bir çox ölkələrdə Həcc ziyarətinin təşkil işləri mərkəzləşib. Səudiyyə Ərəbistanı bu məsələdə bütün şirkətlərlə əməkdaşlıq etmir".
Ş.Həsənli qeyd edib ki, Azərbaycanda Həcc kvotasının azaldılması dünyadakı iqtisadi böhranla bağlıdır: "Ümumiyyətlə, Səudiyyə Ərəbistanı tərəfindən də kvotalar azaldılıb. Ötən ildən bütün dünya üzrə Həcc ziyarətinə gedən insanların sayı azalmışdı. Azərbaycandan gedən zəvvarların sayı da az idi. Ona görə də bu il kvota azaldılıb. Amma müraciət edənlər çox olarsa, bu məsələyə yenidən baxıla bilər".
 
Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə gedənlər üçün vahid qiymət (3850 dollar) müəyyənləşdirilib. Ümrə ziyarətinin qiymətləri isə hazırda 1550 və 2250 dollar arasındadır. Azərbaycanlılar fevral ayında Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 75 nəfərlik qrupun hər bir üzvü təklif olunan bahalı ziyarət paketindən (2250 dollar) istifadə ediblər.
2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 nəfər gedib. Ötən il 1500 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan bu say 1040-a endirilib. Bu il isə 600 nəfərlik kvota müəyyən olunub.

 

Xəbər lenti