Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən şəxsin də adı məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, bu mikroavtobusun sürücüsü, Masallı rayonunun Kolatan kənd sakini, 1969-cu il təvəllüdlü İmran Dadaşbala oğlu Dadaşovdur.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Mikroavtobusun Rusiyanın Sankt-Peterburq şəhərindən Masallı rayonuna hərəkət etdiyi bildirilir. İlkin ehtimala əsasən, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda baş vermiş ağır yol qəzası nəticəsində yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən daha 3 nəfərin şəxsiyyəti məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bunlar rayonun Kolatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Fərid Ehtiram oğlu Quliyev, 2009-cu il təvəllüdlü Şəbnəm Şəmşad qızı Sadıqova, 2014-cü il təvəllüdlü İslam Şəmşad oğlu Sadıqovdur. Yüngül xəsarət alan iki nəfər isə tibbi yardım göstərildikdən sonra abulator müalicəyə buraxılıb.
***
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verən yol qəzasında 1 nəfər ölüb, yaralıların sayı isə 11 nəfərə çatıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, onlardan 9-u Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılan iki yaralının şəxsiyyəti dəqiqləşib. Bunlar 1987-ci il təvəllüdlü Günəş Cabbarova və azyaşlı Səbiyyə Şəmşəd qızı Sadıqovadı. Hazırda onlara tibbi yardım göstərilir.
Bundan başqa Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Bunlar rayonun Kolatan kənd sakinləri - 1998-ci il təvəllüdlü Şəfa Qasım qızı Əbülfəzzadə, 2003-cü il təvəllüdlü Aqşin Ehtiram oğlu Quliyev, Bədəlan kənd sakinləri, 1995-ci il təvəllüdlü Gülnar Nadir qızı Səmədova və 2017-ci il təvəllüdlü Məhəmməd Afiq oğlu Səmədovdur.
***
Cəlilabad rayonu ərazisində ağır yol qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, Göytəpə şəhərində yük maşını mikroavtobusla toqquşub.
İlkin məlumata əsasən, yol qəzasında 8 nəfər yaralanıb. Yaralılardan beşi Masallı Rayon Mərkəzi Xəstəxanasına, üçü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonuncu xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib. Hadisə nəticəsində ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.
Yaralılar Cəlilabad və Masallı Rayon xəstəxanalarına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.