"Ramazan ayında israfdan uzaq durmaq lazımdır" İlahiyyatçı

664
"Ramazan ayında israfdan uzaq durmaq lazımdır" İlahiyyatçı

İlahiyyatçı Elvüsal Məmmədov: "Ürəyimizdə heç kimə qarşı kin bəsləməməli, hər kəsə xoş niyyətli olmalıyıq"

Mynews.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Tutdum orucu iramazanda

Qaldı iki gözlərim qazanda" 

Ramazan ayı insanın həm fiziki, həm də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq. Bəziləri düşünür ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu ayda dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə sahib çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Bir ay boyunca tutulan oruclar insan sağlamlığı üçün də çox böyük əhəmiyyətə malikdir. Müsahibimiz, ilahiyyatçı, şərqşünas, fəlsəfə doktoru Elvüsal Məmmədovla bu ayın mahiyyətindən, savabından və bu mövzuda sual doğuran bəzi məqamlardan danışdıq.

- İlk olaraq Ramazan ayının mahiyyəti, əhəmiyyəti haqqında danışaq.

- Bu ay digərlərindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə sahibdir. Hər şeydən əvvəl, Ramazan, Allahın bərəkət bəxş etdiyi aydır. Bu ayda bərəkət artır. Həmçinin Quranın bu ayda nazil edilməsi Ramazan ayını digər aylardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Məhəmməd Peyğəmbərimizin də bildirdiyi kimi, bu ay insanların bağışlandığı, savabların çoxaldığı ayıdır. Yəni adi günlərdə bir yaxşılıq edən bir savab qazanırsa, bu ayda savabın sayı 10-a yüksəlir. Duaların qəbul olduğu aydır. Həm də Ramazan orucun tutulduğu aydır. Bu ayda oruc tutanın iftardakı duası daha tez qəbul olunar. Tanrı insanları cəhənnəmdən azad edər, cənnətin qapılar açılar, cəhənnəmin qapıları bağlanar.

- Bu ayda insanlar necə davranmalı, hansı əməllərlə məşğul olmalıdır?

- Təbii ki, Allahı razı salacaq, Allahla, həm də başqa insanlarla olan sosial münasibətlərini yaxşılaşdıracaq əməllərlə məşğul olmalıdır. Hər şeydən əvvəl, bu ayda oruc tutmalı, Quranı oxumalı, namazlar zamanında qılmalıdırlar. Əlavə namazlara üstünlük verməli, sədəqə çıxarmalı, bağışlanmaq üçün dua etməlidirlər. Bunlar qulla Allah arasında imanı zənginləşdirən əməllərdir. Gecə namazları da bura daxildir. Peyğəmbərimiz buyurub ki, gecə namazları möminin şərəfidir. Gecə hər kəsin yatdığı bir vaxtda namaz qılmaq, Allaha dua etmək, onunla danışmaq özü böyük savabdır. O ki qaldı sosial əməllərə, hər şeydən əvvəl əxlaqımızı gözəlləşdirməliyik. Səbirli olub, danışığımıza, hərəkətlərimizə fikir verməliyik. Sosiallığımızı artırmaq üçün iftar süfrələri təşkil etməliyik.

- Ramazanda insan ruhunu necə qidalandırmalıdır?

- Hər şeydən əvvəl nə üçün oruc tutduğunu bilməlidir. Quranda bildirilib ki, təqva sahibi olmaq üçün oruc tutmaq lazımdır. Bəs təqva nədir? Təqva möminliyin ən ali dərəcəsidir. Yəni elə bir dərəcədir ki, insan özünü orda tam fərqli hiss edir, əməlləri gözəl olur. Təqva hər şeydən əvvəl həyat tərzidir. Hz. Əli belə bir tərif verir ki, təqva Allahdan qorxmaqdır, Allahın nazil etdikləri ilə yaşamaq, aza qane olmaq və ölüm gününə hazırlaşmaqdır. Həmçinin təqva bu dünyada günahlardan çəkinərək yaşamaqdır. Bunun üçün də hər şeydən əvvəl orucu düzgün tutmaq lazımdır. Yəni yalnız ac və susuz qalmaqla oruc tutulmur. Oruc olarkən digər əzalarımızın və orqanlarımızın da günah əməllərdən uzaq olmasına çalışmalıyıq. Ac və susuz qaldığımız kimi, yalan da danışmamalıyıq. Saxtakarlıq və qeybətdən uzaq olmalıyıq. Haram işlərdən çəkinməli, ürəyimizdə heç kimə qarşı kin bəsləməməli, hər kəsə xoş niyyətli olmalıyıq. Bunları layiqincə yerinə yetirə bilsək, tanrının buyurduğu möminlik dərəcəsinə çatmış olarıq.

- Orucu kimlər tuta bilər, kimlər yox?

- Orucu o kəslər tuta bilər ki, müsəlmandırlar, həddi-buluğa çatıblar, dinin buyurduğu qaydalardan agahdırlar. Amma xəstələr, yaşlılar, süd verən analar və hamilə xanımlar, səfərdə olanlar, ailəsinin ruzisi üçün çətin və ağır işdə çalışanlar (təbii ki, sonra bunun qəzalarını tutmaq şərti ilə) bir də düşmənə yaxın olan sərhəd bölgəsində olan əsgərlər orucdan azaddırlar. Çünki onlar daim ayıq-sayıq, hazır vəziyyətdə olmalıdırlar.

- Orucu pozan əməllər nələrdir?

- Ümumiyyətlə, insanın daxilinə istər qulaq, burun dəliyindən, istərsə də qida borusundan nəyinsə şüurlu şəkildə daxil olması orucu pozur. Həmçinin evli insanların həyat yoldaşları ilə münasibətdə olmaları orucu pozur. Ancaq digər pis davranışlar - söyüş, qeybət və s. bunlar orucu pozmur, amma savabını azaldır.

- Deyilənə görə, Ramazan ayı imkansızlara, yemək və içməyi olmayanlara qarşı şəfqətli olmağı öyrədir. Oruc tutanlar ac insanları başa düşürmü?

- Bəli, orucun bu funksiyası da var. Oruc kasıblıq, çətinlik, məhrumiyyət nədir bilməyən insanlara başqalarının halını anlamağı öyrədir. Təbii ki, əgər insan tərbiyə almış biridirsə, bir qədər ac qaldıqda, sözün həqiqi mənasında, aclığın nə olduğunu anlayır. Kasıbların, yeməyə-içməyə heç nəyi olmayanların vəziyyətini başa düşür.

- İftar süfrələrinə hər cür naz-nemətin qoyulması nə dərəcədə düzgündür?

- Əgər insanın niyyəti yaxşıdırsa, Allahın verdiyi ruzi buna imkan verirsə, gələnlərə daha çox qonaqpərvərlik göstərmək, onları daha çox sevindirmək baxımından hər cür nemətin qoyulmasında bir problem yoxdur. Amma burada niyyət özünü göstərmək, ad qazanmaq, var-dövlətini nümayiş etdirməkdirsə, bu, artıq tanrının qəbul edəcəyi əməl deyil. Hər bir işdə səmimiyyət, niyyət böyük önəm daşıyır. Tutduğumuz əməldə Allahın razılığını qazanmaq yox, özümüzü göstərmək məqsədi güdürüksə, bu, yaxşı hal sayılmır. Həmçinin ifrata qaçmamaq da lazımdır. Süfrədə nə qədər yemək olarsa, insan bir o qədər çox yeyər. Bu isə sağlamlıq baxımından insanın orqanizminə zərərlidir. Digər tərəfdən isə Ramazan ayını yemək-içməklə keçirmiş oluruq. Ona görə də, bu ayda həm ifratdan, həm də israfdan uzaq durmaq lazımdır.

- İftar süfrəsini kimlər verə bilər və bu süfrələrə kimlər dəvət olunmalıdır?

- Ümumiyyətlə, kimin ən adi bir şorba, kartof qızartması bişirməyə imkanı yetirsə, iftar süfrəsi verə bilər. Vacib deyil ki, süfrədə hər cür nemət olsun. Bir insanın doya biləcəyi qədər yemək olsa, kifayət edir. Çağırılmağa gəldikdə isə yenə də niyyət ön plana çıxır. Burada hər şeydən öncə, imkanı olmayanları, yoxsulları, həmin iftar süfrəsində yeyəcəyi yeməyi bəlkə də heç vaxt evində yeməyənlər çağırılmalıdır. Bu, bizim iftar süfrəsini verməyimizdə nə qədər səmimi olduğumuzu göstərər. Yoxsa ki, bəziləri iftar süfrəsi təşkil edərək imkanlıları, dostlarını, qohumlarını çağırır. Hansı ki, həmin insanların buna ehtiyacı yoxdur. Biz demirik ki, onlar çağırılmasın, sadəcə, əsas diqqət o yeməyə ehtiyacı olanlara verilməlidir.

- Oruc tutmayanlar bu ayda necə savab qazana bilərlər?

- Əgər həqiqətən də sağlamlıqları onlara oruc tutmağa icazə vermirsə, bu zaman narahat olmasınlar. Çünki Ramazan ayına aid ibadətlər çoxdur. Məsələn, ilk olaraq iftar süfrələri açsınlar, namazlarını vaxtında qılsınlar, Quran oxusunlar, bağışlanmaq, tövbə etmək üçün Allaha dua etsinlər. Yaxşı əməllərlə məşğul olsunlar. Yəni bu ayda oruc tutulmasa belə, başqa ibadətlərlə mənən təmizlənmək mümkündür. Ümumiyyətlə, oruc tutanlar da, tutmayanlar da bu ayın bərəkətindən, savabından pay qazanmaq istəyirlərsə, qeybətdən, boş danışıqdan, bayağı gülüşlərdən, zarafatlardan uzaq olsunlar.

- İftar süfrəsinin savabı varmı?

- Əlbəttə, var. Peyğəmbərimiz buyurub ki, oruc tutan şəxsə kim iftar verərsə, oruc tutan insan qədər savab qazanar. Yəni ola bilər ki, insan xəstədir və oruc tuta bilmir. Amma kiməsə iftar verməklə, sanki oruc tutmuş kimi savab qazanar.

- Fitrə necə çıxarılmalıdır və nə üçün fitrə verilir?

- Fitrə, Ramazanın sonuncu günü, səhər bayram namazı qılınanadək çıxarılmalıdır. Bəzi təşkilatlar, qurumlar var ki, onlar fitrələri toplayıb ehtiyacı olanlara paylayırlar. Mümkündür ki, kim istəsə, fitrəsini həmin təşkilatlara versin. Fitrə həm ərzaq məhsullarından, həm də ərzaq məhsuluna uyğun puldan ola bilər. Amma yaxşı olar ki, indiki dövrdə pulla verilsin. Çünki bəzən görürsən ki, bir ailəyə hamı eyni ərzağı alıb verir. Amma pul verilərsə, həmin ailə özü ehtiyacı olanı alar. Fitrə ona görə verilir ki, insanlar bayramı sevincək keçirsinlər. Çünki bayramı hər insan istədiyi kimi keçirə bilmir. Biz həmin pulu verməklə, insanların bayramının xoş keçməsinə kömək etmiş oluruq. Fitrənin miqdarına gəlincə, səhv etmirəmsə, bu il adambaşına 5-6 manat civarında göstərilib. Fitrəni verərkən nəzərə almalıyıq ki, qarşı tərəf bayramını layiqli şəkildə keçirə bilsin. Biz fitrə verməklə həm də, Ramazan ayı ərəfəsində etmiş olduğumuz səhvlərin, qüsurların üstünü örtmüş oluruq.

Xəbər lenti