Avtomobili etibarnaməsiz idarə edən sürücülər bu dəfə də polis əməkdaşlarının hədəfindən yayına bilməyib.
Mynews.az ARB 24-ə istinadla xəbər verir ki, onlar mənzil başına tələsərkən həm vaxtlarından, həm də pullarından oldular. Vəziyyətdən çıxış yolu tapa bilməyən sürücülər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışdılar.
Sürücü: "Vallah, öz maşınım xarab idi, ona görə bununla gəldim".
Amma heç bir bəhanə yazılan cərimələrə əngəl olmadı. Bu cür davranışlara vərdiş edən sürücülərə qanun keşikçiləri ciddi xəbərdarlıq etdilər. Etibarnaməsi olmadan başqalarının avtomobilini idarə edənlər 40 manat məbləğində cərimə olunurlar. Bundan başqa, polis əməkdaşı belə faktı aşkar edərsə, sürücünün avtomobili idarə etməsinə icazə verilmir. O, dərhal sükan arxasından endirilir və nəqliyyat vasitəsi yalnız öz sahibinə təhvil verilir. Məqsəd baş verə biləcək qəzaların qarşısını almaqdır.
Dövlət Yol Polisi əməkdaşları sürücüləri etibarnaməsiz avtomobil idarə etməməyə, maşın sahiblərini isə bu sənəd olmadan başqalarına avtomobili etibar etməməyə çağırırlar.