Qarabağdakı etirazlar Saakyanı qorxuya saldılar, dərhal İrəvanı köməyə çağırdı - FOTOLAR

1051
Qarabağdakı etirazlar Saakyanı qorxuya saldılar, dərhal İrəvanı köməyə çağırdı - FOTOLAR

Son günlər Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə yerli xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan irimiqyaslı qarşıdurma və bunun səbəb olduğu kütləvi aksiyalarla bağlı Qarabağdakı separatçı rejim İrəvandan məsələyə müdaxilə etməyi tələb edib.

Mynews.az azvision.az-a istinadən bildirir ki, bu barədə Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın köməkçisi Artur Ağabekyan "Facebook" səhifəsində yazıb. O, yerli sakinləri sakitliyə, İrəvanı isə köməyə çağırıb. Hətta aprel döyüşlərindən də yerli ermənilərə təzyiq kimi istifadə edib. 

"Düşünürəm ki, Qarabağda MTX-nin rəisi Arşavir Karamyanın aprel döyüşlərindən sonra oynadığı roldan hamı xəbərdardır. Aprel məğlubiyyətindən sonra məhz o, təhlükəsizliyə dair məsuliyyəti öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının əksəriyyəti bundan xəbərdardır. Amma indi onun istefasını tələb edirlər. Bunları görəndə az qala adam ağlını itirir. Özünüzə gəlin, cənablar, gec olmadan özünüzə gəlin! Ermənistandakı hakimiyyət isə baş verənlərlə bağlı mümkün qədər tez öz rəsmi mövqeyini bildirməli və dərhal Qarabağa kömək üçün nümayəndə heyəti göndərməlidir", - deyə Ağabekyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb. 

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.

Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq.Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib. 

Xəbər lenti