Bakıda 150-yə yaxın sürücü məsuliyyətə cəlb edildi

555
Bakıda 150-yə yaxın sürücü məsuliyyətə cəlb edildi

Son 4 gün ərzində Bakıda təyin edilmiş müddətdə texniki baxışdan keçməyən 150-yə yaxın avtomobil sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, inzibati məsuliyyətə cəlb edilənlər arasında 30-dan artıq avtobus, 25-dək yük avtomobili sürücüsü var. Bölmə rəisi əlavə edib ki, ötən ildən texniki baxışdan keçməyən 19 sürücü inzibati məsuliyyətə cəlb olunub.

O xatırladıb ki, yük və avtobus tipli avtomobillər hər il texniki baxışdan keçməlidir: "İlin əvvəlindən mayın 1-dək MDB istehsallı avtomobillər, mayın 1-dən noyabrın 1-dək isə digər xarici ölkə istehsalı olan avtomobillər texniki baxışdan keçməlidir".

V.Əsədov bir daha sürücüləri avtomobillərini texniki baxışdan keçirməyə çağırıb: "Bir daha xatırladırıq ki, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir".

Polis polkovniki qeyd edib ki, texniki baxışdan keçməməyə görə cərimələnən sürücülər texniki baxışa getməzdən əvvəl təyin edilən cərimə məbləğinin ödənilməsini də təmin etməlidirlər.

Xəbər lenti