Sosial Müdafiə Fondunda müəmmalı yanğın Səlim Müslümov izi

563
Sosial Müdafiə Fondunda müəmmalı yanğın Səlim Müslümov izi

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub.

Mynews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib.

Xatırladaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.

Hansı sənədlərin yanması, yanğının hansı şöbədə meydana gəlməsi haqda bilgi yoxdur. Yanğının qəsdən və ya təsadüf nəticəsində baş verdiyi də bilinmir. “DSMF-də sənədlər niyə yanıb” sualı açıqdır və iddialar əsasən qəsdən yandırılma versiyasının üzərində cəmləşib. Bu da təsadüfi deyil.

Son aylarda mətbuatda DSMF-də baş vermiş böyük korrupsiya cinayətləri haqda məlumatlar yayılıb. Kifayət qədər ciddi olan bu iddiaların Hesablama Palatasının müfəttişləri tərəfindən yoxlandığı da bildirilir. 

Qəzet yazır ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bir müddət əvvəl demişdi ki, ölkədə 90 min nəfər cibində müharibə veteranı vəsiqəsi gəzdirir: 

“Azərbaycanda müharibə veteranlarının sayı  90 minə çatıb. 90 min 2 ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

Xəbərə görə, hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentində geniş yoxlamalar aparırlar. Müfəttişlərin bu faktı da araşdırdıqları haqda konkret bilgilər yoxdur. Bilinən odur ki, sabiq nazir Səlim Müslümovun xüsusi nəzarətində olan bu departamentdən qeyri-qanuni fəaliyyətə görə xeyli əməkdaş işdən  çıxarılıb.

Hesablama Palatası 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və tabe qurumlarında apardığı araşdırmalar zamanı da çox ciddi, bir sıra hallarda cinayətə bərabər faktlar aşkar etmişdi.

Məsələn, Hesablama Palatasının 2016-cı ili əhatə edən auditinin nəticəsində üzə çıxmışdı ki, Səlim Müslümovun işçiləri 181 nəfər rəhmətə getmiş pensiyaçının hesabını bağlamayıblar. Yəni rəhmətliklərin adından dövlət büdcəsindən nə az, nə çox 624 min 500 manat alıb ciblərinə qoyublar.

Eyni şəxsə Səlim Müslümovun işçilərinin 2 pensiya kartı verdikləri halları da az olmayıb. Eyni adam Pensiya Fondunun, məsələn, Xətai şöbəsindən də,  Səbayel şöbəsindən də pensiya alıb. Audit dövründə 35 belə şəxs üzə çıxarılmışdı. 

Onlara ikiqat pensiya ödənildiyi təsdiqlənmiş və bu maxinasiyadan dövlət büdcəsinə ümumilikdə 319 min 100 manat məbləğində zərər dəydiyi məlum olmuşdu. 

Belə iddialar da var ki, Səlim Müslümovun nazir, bundan əvvəl isə  DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb. 

Xəbər lenti