Azərbaycanda ölü donorun və orqanlarının xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək. Mynews.az Lent.az-a istinadən bildirir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.
Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycanda transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı da müəyyənləşib.
Belə ki, dəyişikliyə görə, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Sözügedən qanun layihəsi ilə bağlı Lent.az-ın suallarını cavablandıran tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirir ki, hazırda Azərbaycanda meyitdən orqan götürərək orqan transplantasiyası icra olunmur: “Müzakirə olunan qanun layihəsi ölkəmizdə də yaxın gələcəkdə meyit orqanlarından orqan köçürülməyə başlanılması məqsədi güdür. Şəxsi fikrim budur ki, bütün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əgər orqan bağışlanacaqsa, o zaman transplantasiya ilk növbədə Azərbaycan vətəndaşına verilməlidir”.
Hansı orqan transplantasiyası ilə bağlı müraciətlərin çox olması sualını da cavablandıran M.Kazımi bildirir ki, bununla bağlı dəqiq rəqəm demək çətindir: “Məsələ burasındadır ki, hazırda Azərbaycanda ağciyər, qaraciyər, böyrək, mədəaltı vəzi, ürək və sair orqanların transplantasiyasına ehtiyac var. Biz hazırda sadəcə canlı donordan orqan transplantasiyası etdiyimizə görə, bu ehtiyac daha da çoxdur. Bilirsiniz ki, xəstəliklərin sayı çoxdur, xəstəliklər gəncləşir və buna görə də bütün orqanların transplantasiyasına ehtiyac var”.
Həkim məlumat verdi ki, rəhbərlik etdiyi şöbədə 2008-ci ildən orqan transplantasiyası əməliyyatı icra edilir: “Canlı, qohum donorlarından istifadə edirik. Bizdə yalnız qaraciyər və böyrək transplantasiyası icra olunur. Bu günə qədər ümumilikdə transplantasiya etdiyimiz şəxslərin sayı 600-ü keçib. Onların içərisində 125-i qaraciyər transplantasiyası əməliyyatı, digərləri isə böyrək transplantasiyasıdır”.