Yeni layihə işəgötürənin yükünü azaldacaq

560
Yeni layihə işəgötürənin yükünü azaldacaq

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iyunun 21-də keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Mynews.az-ın xəbərinə görə, layihə barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. 

Bildirilib ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib.

Layihədə qeyd olunur ki, şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir.

O da bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də, qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır. 

Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir. 

Qanun layihəsində məşğulluqla bağlı daha bir sıra müddəalar yer alıb. 

“Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”, - deyən H. Rəcəblinin sözlərinə görə, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır.

 “Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu, o deməkdir 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Sahibkarlar nəyə görə gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur, 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir, bizim fikrimiz belə oldu ki, burada bir düzəliş edək. Balanslaşdıraq, işə götürənin yükünü azaldaq.

Sahibkar işçiləri sığortaya cəlb etsin, əks təqdirdə, sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”, - deyə, o, sözlərinə əlavə edib. 

Müzakirələrin sonunda layihə üçüncü oxunuşda plenar iclasa tövsiyə olunub.

Xəbər lenti