Baş nazirin keçmiş birinci müavini İzzət Rüstəmov şəhid oğlu Məzahir Rüstəmovla bağlı maraqlı etiraf edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, keçmiş dövlət rəsmisi oğlunun onun apardığı qumbaranı partladaraq şəhid olduğunu bildirib:
"Məzahir dövlət idarəsində işləyirdi. Dövlət Mətbuat Komitəsində kitab ticarəti və xarici iqtisadi siyasət şöbəsində çalışırdı. Məzahirin döyüşə getmək ərəfəsində qohum-əqrəba, dost-tanış bizim evə yığışdılar. Dilim elə bil, qapanmışdı, Məzahirə deyə bilmədim ki, oğul, getmə. Azərbaycanda milli və siyasi bir oyanış vardı. Məzahir sanki o alovun içində idi. Çox siyasiləşmişdi. Bu xalqın dərdini çox çəkirdi. Deyirdi, nə cür olur, ermənilər gələ, biz də öz torpağımızı qoruya bilməyək? Ona görə də Məzahir dövlət vəzifəsini atdı, getdi Gədəbəyə, orda komandir oldu, çox böyük işlər gördü.
Onda silahımız yox idi. Həyat yoldaşımla birlikdə Bakıdan Gədəbəyə - Məzahirə 6 dənə qumbara aparmışdıq. Qumbaraları vedrədə qumun içdə gizlədib avtobusda aparmışdıq. Sonradan bildiyimizə görə son anda, yaralı vəziyyətdə o qumbaranın birini çəkib, özü də həlak olub, ermənilər də".