Deputat turistlərdən şikayətləndi

608
Deputat turistlərdən şikayətləndi

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi Milli Məclisin (MM) son iclasında müzakirəyə çıxarılıb.

Mynews.az xəbər verir ki, layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.

Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Millət vəkili Elmira Axundova isə dəyişikliklə bağlı çıxışında bunları deyib:

“Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlişinə qadağa və məhdudiyyətlər nəzərdə tutan 16-cı maddənin 1.8-ci bəndində əvvəllər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyini pozduğuna görə iki və daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq olunurdu.

Amma indi təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, həmin inzibati məsuliyyətə görə tətbiq edilən cəriməni ödədikdə bu qadağa götürülür. Buradan belə çıxır ki, ölkəmizə gələn əcnəbilər yaşama qaydalarını pozduğu halda müəyyən məbləğdə cərimə ödəyərək yenə də burada qalıb istədiyi davranışı davam elətdirə bilər.

Bəzi xaricilər üçün bu məbləği ödəmək elə də çətin olmayacaq. Bu halda belə liberallaşma neqativ halların çoxalmasına gətirib çıxarmayacaqmı?”

Millət vəkilinin sözlərinə görə, onsuz da mətbuatda, xüsusən də sosial şəbəkələrdə bəzi xarici turistlərin bizim ölkəmizdə özlərini artıq dərəcədə sərbəst aparmasına dair, xoşagəlməz hərəkətlərinə dair (məsələn, xanımlarımıza qarşı) çoxsaylı şikayətlər və etirazlar nəzərə çarpır:

“Mənə elə gəlir ki, bu maddəyə bir əlavə də etmək lazımdır ki, əgər hansısa əcnəbi artıq bir dəfə cərimələnib və ikinci dəfə yaşama qaydalarını pozubsa, onu respublikamızın hüdudlarından kənara çıxarmaq məqsədəuyğun olardı. Yoxsa, ancaq cərimələrlə kifayətlənsək, neqativ hallar çoxala bilər”.

Layihə sonra geniş müzakirələr açılmadan səsə qoyularaq qəbul edilib.

Xəbər lenti