“Bu ilin altı ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb”.
Mynews.az xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ilin I yarım ili ərzində görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.
“Korrupsiya hüquqpozmaları barədə müraciətlərinin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 1970 müraciət daxil olub, həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”, - deyə K.Əliyev vurğulayıb.
O, qeyd edib ki, ötən dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işi başlanıb.