Eyni mənzili bir neçə nəfərə satanlara cinayət işi açıldı

596
Eyni mənzili bir neçə nəfərə satanlara cinayət işi açıldı

Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərləri barəsində daha bir cinayət işi başlanılıb.

Mynews.az xəbər verir ki, daha əvvəl dələduzluqda təqsirli bilinib, barəsində hökm çıxarılmış "İdeal-V" tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədov eyni əməldə ittiham edilir.

Həmin şəxslər bir neçə şəxsə qarşı ümumilikdə 500 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirlər.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Azad Məcidovun sədrliyi ilə iz üzrə hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V" tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasındamənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədovun 10 il, İ.Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti