Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir.
Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, kiril qrafikalı əlifba isə, ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq, qəbul edilib.
Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-ci illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli-mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşısına məqsəd qoyub.
Həmin dövrdə Azərbaycanda baş verən oyanış hərəkatı bir çox ziyalılarımızla yanaşı, görkəmli dilçi-alim Afad Qurbanovun da diqqətini xalqımızın taleyüklü problemlərinin həllinə yönəldib.
Həmin problemlərdən biri də Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi, habelə ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi olub.
Bu dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olub. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilib.
Ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanıb və bü gün istifadə etdiyimiz Azərbaycanın yeni müstəqil əlifbasının müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi-alim, bacarıqlı təşkilatçı olan akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu mühüm işə – Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanması işinə həsr edib.
Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, görkəmli dilçi-alim və ictimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Azərbaycan Parlamentinin deputatı kimi geniş ictimai-siyasi fəaliyyət göstərərək bu sahələrdə də xeyli işlər görüb. Onun deputat platformasının əsas tezislərindən məhz latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.
Ümumxalq sərvəti olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, görkəmli dilçi akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.