Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışında sosial şəbəkələrdən istifadə edən adamların şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməli olduqlarını deyib. O sosial şəbəkələrdə edilən təhqirlərə görə bu cür addımın atılmasını vacib hesab edib.
AZXEBER.COM məsələ ilə bağlı sosial şəbəkələrdə son illər ən çox təhqirlərə və tənqidlərə məruz qalan deputat Astan Şahverdiyevin münasibətini öyrənib. O sözügedən təklifdən xəbərdar olmadığını, ancaq Siyavuş Novruzovun açıqlamasının tutarlı olduğunu deyib:
"Mən o iclasda olmamışam, xaricdə idim. Məlumatım yoxdur. Amma Siyavuş müəllim bilir nə deyir. O uşaq deyil ki, hər sözü desin. Ölçüb-biçib danışıb”.
A.Şahverdiyev bir müddət öncə sosial şəbəkələrdə ona təhqir dolu sözlər yazan istifadəçilər haqqında da danışıb. Deputat onu təhqir edənlərin tərbiyəsiz adlandırıb:
"Onlar məni təhqir etmədilər, özlərinin tərbiyəsizliklərini göstərdilər. Məni bircə Allah təhqir eləməsin, Allahdan başqa heç kimdən qorxmuram”.
Qeyd edək ki, deputat bir müddət öncə verdiyi qalmaqallı açıqlamada Rusiyaya işləməyə gedənləri cəmiyyətin "odxod”ları adlandırmışdı. Milli Məclisin intizam komitəsinin keçirdiyi iclasdan sonra o xalqdan söylədiyi sözə görə üzr istəmişdi.