“Azərbaycanda xarici dilli jurnalistlərə ehtiyac var” Əflatun Amaşov

613
“Azərbaycanda xarici dilli jurnalistlərə ehtiyac var” Əflatun Amaşov

"Azərbaycanda xarici dilli jurnalistlərə ehtiyac var. Bundan sonra Azərbaycanda xarici dillərdə təhsil alan jurnalistlərin sayını artırmalıyıq, bu bizim üçün çox vacibdir".

Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, artıq 5 ildir jurnalistika fakültəsində təhsil almaq istəyən tələbələr test imtahanları ilə yanaşı qabiliyyət imtahanı verirlər: "Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 446 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 125 nəfərini oğlanlar, 321 nəfərini qızlar təşkil edir. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verir. Bu kifayət qədər yaxşı nəticədir".

Ə.Amaşovun sözlərinə görə, 225 vakant yer ayrılıb, onlardan 150-si Bakı Dövlət Universiteti, yerdə qalanları isə Bakı Slavyan, Azərbaycan Dillər, Naxçıvan Dövlət universitetləri üçün nəzərdə tutulub: "Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilir və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılır. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa yazırlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilir. Mövzular kifayət qədər asan və əhatəlidir. Hansı abituryentin adi məsələlərlə bağlı dünya görüşü, bilgisi var yaza biləcək. Bizim üçün gələcək jurnalistlərin öz düşüncələrini fikirlərini aydın və savadlı ifadə etməsi vacibdir. Gərək məntiqli olsunlar, fikirlərini sadə dillə çatdıra bilsinlər. Mənə elə gəlir ki, nəzərdə tutulan yerlər dolacaq. Azərbaycan jurnalistikasına yenilik, yeni abu-hava gələcək. Qabiliyyət imtahanı məsələsini onun üçün gündəmə gətirmişik".

Mətbuat Şurasının sədr qeyd edib ki, aparılan araşdırmaya görə, son illərə kimi jurnalistika fakültəsini bitirən tələbələrin xeyli hissəsi başqa sahələrdə iş tapıb çalışır: "Jurnalistikada bir boşluq yaranmışdı. Qabiliyyət imtahanları bərpa olunduqdan sonra jurnalistikaya kimlər həvəslidir onlar qəbul olunurlar. Daha yaxşı kadrlar yetişir".

Xəbər lenti