Zəvvarlar Ümrə ziyarətini yerinə yetirib

593
Zəvvarlar Ümrə ziyarətini yerinə yetirib

"Hazırda Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarlar Həccdən əvvəl Ümrə ziyarətinin 5 əməlini yerinə yetiriblər".

Mynews.az bildirir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda Həcc ziyarəti üçün sənəd verən 1440 nəfərdən 1260-sı artıq yola düşüb: "Sabah sonuncu reyslə də qalan 180 nəfər Səudiyyə Ərəbistanına uçacaq".

H.Babayev bildirib ki, Ümrə ziyarətini yerinə yetirmiş azərbaycanlı zəvvarlar hazırda hotellərdə istirahət edirlər: "Avqustun 19-da azərbaycanlı hacı namizədləri qaldıqları hotellərdən Ərafata daşınacaq və onlar dualar edərək ehrama daxil olacaqlar. Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurbangahda qurban kəsəcəklər".

QMİ rəsmisi qeyd edib ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər: "Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq".

H.Babayev vurğulayıb ki, hazırda azərbaycanlı zəvvarların səhhətləri normaldır, xəstələnmə halları qeydə alınmayıb: "Zəvvarlarla birlikdə 8 nəfərlik həkim briqadası yola düşüb".

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.

Xəbər lenti