Nazirliyin idarələrində nöqsanlar aşkar edilib

525
Nazirliyin idarələrində nöqsanlar aşkar edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Protez-Ortopedik Bərpa Mərkəzində və məşğulluq idarələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Bərpa Mərkəzində əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün protez-ortopediya məmulatlarının, kreslo-velo arabalarının və eşitmə aparatlarının satın alınması və istehsalı üzrə sifarişçi olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə Bərpa Mərkəzi arasında bağlanmış müqavilələrdə yalnız məbləğ göstərilib, yəni alınması nəzərdə tutulan məmulatların vahidinin qiyməti, onların çeşidləri, texniki xüsusiyyətləri və miqdarları göstərilməyib.

Mynews.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.

Qeyd olunub ki, Bərpa Mərkəzi tərəfindən satıcı təşkilatlarla müqavilələr bağlanarkən alınacaq məmulatların vahidinin mövcud bazar qiymətləri öyrənilməyib və nəticədə həmin məmulatlar yüksək qiymətə alınıb, bəzi hallarda tibbi sosial ekspertiza kommisiyalarının qərarlarında əlillərin eşitmə aparatlarına ehtiyaclarının olmadığının göstərilməsinə baxmayaraq onlara eşitmə aparatları verilib, əlil arabasına, eşitmə aparatına və digər protez və ortopedik ayaqqabılara ehtiyacı olan əlillərin uçotu aparılmayıb və bu məmulatların paylanması üzrə növbəlilik təmin edilməyib.

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində olan rayon (şəhər) məşğulluq mərkəzlərində maddi-məsul şəxslərin hesabından müvafiq təsdiqedici sənədlər olmadan material qiymətlilərinin əsassız olaraq silindiyi, ezamiyyət günlərinin əsassız olaraq artırılması hesabına büdcə vəsaitinin artıq xərcləndiyi, satın alınması barədə tərtib edilmiş müvafiq sənədlərdə göstərilən material qiymətlilərinin faktiki olaraq alınmadığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə çatışmazlığa yol verildyi, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsinin həvalə edildiyi, işçilərin aylıq əməkhaqları üzrə ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına artıq vəsait xərcləndiyi aşkar edilib.

Xəbər lenti