2018-ci il avqustun 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5120,8 min nəfər olub, onlardan 4869,2 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Mynews.az-a verilən məlumata görə, bu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13,0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.
2018-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,0 saat təşkil edib. Bu ilin avqustun ayının 1-i vəziyyətinə əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,1 min nəfər olub, onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.
Eyni zamanda regionların sosial-iqtisadi inkişafına istiqamətlənən üçüncü Dövlət Proqramının icrasını əhatə edən və 2014-cü ilin yanvarın 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr ərzində ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yerləri yaradılıb.
2018-ci ilin birinci yarımili ərzində ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 25,0 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.