Bakıda sosial ev fırıldağı Qadın vətəndaşları aldatdı

609
Bakıda sosial ev fırıldağı Qadın vətəndaşları aldatdı

Bakıda vətəndaşlara sosial evlər satacaqlarını vəd edən şəxslərin işi məhkəmədədir.

Mynews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin cinayət işi üzrə məhkəmə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Buna səbəb təqsirləndirilənlərdən birinin məhkəməyə gəlməməsi idi.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ülviyyə Abdalova gəlməmişdi.

Məlum olub ki, artıq 3-cü dəfədir Ülviyyə Abdalova məhkəməyə gəlmir. O, ilk dəfə səhhətində problem yarandığını deyərək məhkəməyə gəlməmişdi. Daha sonra isə məhkəmənin çağırışlarına məhəl qoymayaraq proseslərə gəlməyib.

Məhkəmə ev dustaqlığında olan Ülviyyə Abdalova barəsində axtarış elan edib. Tapıldığı an onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün qərar çıxarmışdı. Ülviyyə Abdalova bu gün 18-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

Məhkəmənin növbəti iclasının vaxtı yaxın günlərdə bilinəcək.

Bildirək ki, dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmin şəxslərin məhkəmə zalından həbs edilməsini tələb edib. Bundan sonra Ülviyyə Abdalova məhkəməyə gəlməyib.

Məlumata görə təqsirləndirilən şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə ediblər.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluğu dələduzluq hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Axərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi son illər əhalinin mənzilə olan ehtiyacının ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir.

Lakin buna baxmayaraq, öz şəxsi mənafelərini güdmək məqsədilə dövlətin iqtisadi-maliyyə münasibətlərinə, əhalinin sosial müdafiəsinin həyata keçirilməsi sahəsində siyasətinin nüfuzuna xələl gətirən, vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədən bəzi iş adamlarının qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, vətəndaşların etibarından sui-istifafə edərək onlara ev satacaqlarını vəd ediblər.

Cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər biri ev dustaqlığındadır. Onlardan Eldar Salayev Daxili İşlər Nazirliyinin sabiq polkovnikidir.

Xəbər lenti