Bakı şəhərində yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisi tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən Mynews.az-a verilən xəbərə görə, paytaxt ərazisində keçirilən sonuncu belə tədbir əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.
Tədbir zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə “Mersedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verildi. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirdi. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü bu dəfə sənədlərini təqdim etməkdən boyun qaçırdı.
Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkar edildi. Nəsimi rayonu ərazisində saxlanılan “Dodge” markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum oldu. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət edilsə də, o bundan imtina etdi. Daha sonra tibbi müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olundu və bu barədə protokol tərtib edildi.
Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən avqustun 20-nə qədər olan müddətdə Bakı şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar tərəfindən 410 min inzibati protokol tərtib edilib. Bu protokollardan 7181 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216 avtoxuliqanlıq, 1209 ötmə və manevr etmə qaydalarına əməl etməyən, 19327 işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barəsində tərtib olunub.