Rezidenturaya qəbul üzrə əlavə plan yerləri bu gün Dövlət İmtahan Mərkəzinə təqdim edilib. Hazırda DİM tərəfindən yenidən ixtisas seçiminin elan edilməsi ilə bağlı müvafiq işlər aparılır.
Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, yaxın 1-2 günə “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktiv edilmə tarixləri elan ediləcək.
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-da başa çatıb. İxtisas seçimi başa çatandan sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqənin nəticələri elan olunmalı idi. Amma Səhiyyə Nazirliyi rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edib və bu barədə DİM məlumatlandırılıb. Mərkəzdən əlavə ediblər ki, rezidenturaya qəbul üzrə əlavə plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra həmin yerlər haqqında məlumat verilir. Namizədlər ixtisas seçimi edərkən mövcud plan yerlərini nəzərə alıblar. Plan yerlərinin artırılacağını nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən “Namizədin elektron ixtisas seçimi” ərizəsi yenidən aktiv edildikdən sonra ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edərək ərizələrini yenidən təsdiq edə biləcəklər
Hər hansı bir dəyişiklik etmək istəməyən namizədlərin ərizələri isə olduğu kimi qalır və onlardan ərizələrini yenidən təsdiq etmək tələb olunmur.
Beləliklə, yalnız namizədlər əlavə edilən plan yerlərini də nəzərə almaqla ixtisas seçimi etdikdən sonra rezidenturaya qəbul olmaq üçün müsabiqə keçiriləcək və nəticələr elan ediləcək.
Xatırladaq ki, rezidenturaya imtahanın son mərhələsi iyulun 8-də keçirilmişdi.