tən həftə sosial şəbəkələr yayılan video hər kəsi təəccübləndirdi. 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində çəkilmiş videoda onların araq içdiyi əksini tapmışdı. Kriminal aləmdə olan “qardaş”ların şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə sosial şəbəkədə birmənalı qarşılanmadı.
Bu hadisədən bir neçə gün keçdikdən sonra isə eyni uşaqların siqaret çəkən zaman çəkilmiş videosu yayıldı. Üstəlik bu dəfə onlar tək deyildi. Uşaqları siqaret çəkməyə valideynlər həvəsləndirirdi.
7-11 yaşlı uşaq hələ həyatı normal dərk etmədiyindən, burada günahın tamamilə valideyndə olduğunu demək olar. Ölkə qanunvericiliyinə görə də uşaqların bu cür pis vərdişlərə aludəçi olmasına görə birbaşa valideyn məsuliyyət daşıyır.
Əvvəlcə həmin videoları təqdim edirik:
Vəkil Rəvanə Talıbova məsələ ilə bağlı Femida.az-a açıqlama verib. O, bildirib ki, Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən, valideynlər uşaqlarının fiziki və digər sağlamlıqlarına görə məsuliyyət daşıyırlar. Onların məsuliyyəti ilə bağlı daha çox İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur:
“İXM-in 189-cu maddəsinə görə, uşaqların təlim tərbiyəsinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsidir. 189-cu maddənin 1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək, 189.4-cü maddəsinə görə, Məcəllənin 189.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
İXM-in 522-ci maddəsinə görə isə, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir”.
Vəkil bildirib ki, bəzən cinayət məsuliyyəti yaradacaq hallar da istisna deyil:
“Məsələn, hansısa valideyn yetkinlik yaşına çatmayan övladını əxlaqsız əməllərə alət edərsə, cinayət məsuliyyəti yarada bilər. Sual oluna bilər ki, bu xətalara dair işlərə kimlər baxır? Hər rayonun İcra Hakimiyyətində müvafiq komissiyalar var. Vətəndaşlar belə hallarla qarşılaşarsa, həmin komissiyalara müraciət edə bilərlər. Həmin komissiyalar kollegial olur. Tərkibi 9-11 nəfər olmaqla psixoloq, təhsil, səhiyyə, hüquq-mühafizə və s. orqanların əməkdaşlarından ibarətdir.
Valideynlər belə halları mütəmadi təkrar edərsə, onun haqqında uşağın qohumları tərəfindən iddia qaldırıla bilər və valideynlik hüququndan məhrum edilə bilər. Ailə Məcəlləsinin 64-cü maddəsinə görə, az öncə qeyd etdiyim komissiya tərəfindən də iddia qaldırıla və məsuliyyətsiz şəxslər valideynlik hüququndan məhrum edilə bilər”.
Psixologiya mütəxəssisi, neyropsixoterapevt Nurana Kazımovanın Femida.az-a açıqlamasına görə, bu mövzu günümüzün ən aktual mövzulardan biridir:
“İlkin olaraq azyaşlılarn nəyə görə spirtli içki və siqaret aludəçisi olmasına nəzər yetirək. Bunun ilkin səbəbi valideyn diqqətsizliyi, nəzarətsizliyi və sevgisizliyindən irəli gəlir. Amma unutmayaq ki, valideyn nəyisə kəskin şəkildə qadağan edərsə, bu da mənfi hal yarada bilər. Çünki insana nəyisə qadağan edirlərsə, ona marağı çoxalır.
Dövr müasirləşir, indi uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Odur ki, valideynlər uşaqlara pis vərdişləri qadağa şəklində deyil, başa salaraq demək lazımdır. Uşağa o qədər sərbət başa salmaq lazımdır ki, uşaq özü seçim etsin ki, pis vərdiş nədir. Çünki uşaq 24 saat valideynin yanında deyil. Məktəbdən sonra və ya hardasa tək olacaq. Məhz belə məqamlarda uşaq pis vərdişləri düzgün təsbit edib ondan uzaq dura bilsin deyə uşaqda seçim etmək potensialı yaratmaq lazımdır. “Əlində siqaret görsəm, əlini kəsərəm” demək çıxış yolu deyil.
Ailə sevgisi qədər dəyərli şey yoxdur. Uşaqlara bu mənəvi qidanı vermək lazımdır. Bunu qadağa yox, maarifləndirici şəkildə etmək lazımdır. Belə olan halda valideyn əmin olur ki, uşaq 1 ay xaricə yay məktəbinə getsə belə, orada pis vərdişlərdən uzaq duracaq. Bu həm də onun gələcək həyatına da müsbət şəkildə yön verəcək.
Bu kimi vərdişlərə valideynlərin göz yummağında başlıca məqam odur ki, valideyn uşağı itirmək istəmir. Odur ki, onunla dostlaşmağa çalışır. Bəzən də valideyn məsuliyyətsizliyi nəticəsində uşaq yavaş-yavaş pis siqaret və ya içki aludəçisinə çevrilir. Lakin heç vaxt gec deyil”.