Azərbaycanda sürüşmə zonaları aktivləşib, yollar çöküb RƏSMİ

635
Azərbaycanda sürüşmə zonaları aktivləşib, yollar çöküb RƏSMİ

Ötən ay Azərbaycanda bəzi ərazilərdə sürüşmə sahələri aktivləşib.

Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. 

Onun sözlərinə görə, avqustda Bakı-Ağsu yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib:

“Lokal sahələrdə uçqun prosesləri yaranıb. Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci kilometrliyində yerləşən Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunda uçqun hadisəsi baş verib.

Ötən ay Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib”.

Əziz Qaralov bildirib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsi olan ərazi genişlənib:

“Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində yolun hər iki çiynində çökmə-oturma prosesləri baş verib. Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri olub”.

Nazirlik rəsmisi qeyd edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub:

“Yolun hərəkət hissəsində çökmə var. Cəlilabad-Cəngan-Soltankənd yolunda, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Xızı-Altıağac yolunun 1-ci kilometrliyində mövcud sürüşmə sahəsində aktivlik olub”.

Xəbər lenti