Təssüf ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bilidirib.
Onun sözlərinə görə, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir:
“Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlər əldə edirlər. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən indiyədək yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur.
Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl tələbə kartı adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir.
Bu, şəbəkə biznesi adlanan sistemdir. Məsələn, Türkiyədə bu sistem var və bütün tələbələrə “Yaşıl kart” verilir. Onlar tələbə olduqları müddətdə adi vətəndaşlarla müqayisədə 80-90 faiz endirimlər əldə edirlər. Bu güzəştlərə ictimai nəqliyyatda və s. yerlərdə endirimlər daxildir”.
Ekspert qeyd edib ki, həyata keçirilən belə tədbirlər regionlarda yerləşən ali məktəb, peşə-ixtisas təhsili məktəblərinə şamil edilmir:
“Tələbə güzəşti orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Amma Bakıdakı universitet tələbələrinə şamil edilməsi belə layihələrin çatışmazlığıdır.
Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım olar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsində 165 min tələbə təhsil alır. Onların 130 mini isə ödənişli oxuyur.
Bu 70 faizdən çox tələbənin illik xərcləri kifayət qədər çoxdur. Hesab edirəm ki, Naxçıvan, Qazax, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir. Bu tələbə kartları yalnız Bakını əhatə edəcəksə, məhdud marşrut xətlərinə, mağazalara aid olacaqsa, heç başlamasınlar. Görüntü xətrinə layihə həyata keçirmək lazım deyil, artıq yetər”.