Qapımıza gəlib, evimizə girən təhlükə bizi necə UÇURUMA APARIR?

651
Qapımıza gəlib, evimizə girən təhlükə bizi necə UÇURUMA APARIR?

Qapı-qapı gəzirlər, mənzil yiyəsini buyur deməyə məcbur buraxıb mətbəxə girir, kranı açır və özü ilə gətirdiyi cihazla evə gələn suyun yararsız olduğunu, öz aparatının əvəzolunmazlığını sübut edənə qədər bülbül kimi “cəh-cəh” vururlar. Danışıqları ilə elə bülbül kimi, adamı sanki ovsunlayırlar da...

Söhbət su filtrləri şirkətlərinin nümayəndələrindən gedir. Sayları az deyil, hər gün artmaqdadırlar. Evimizə gələn suyun yararsız olduğunu sübut edən bu şəxslər bir az da irəli gedib, bizə çıxış yolunu da göstərirlər. Özləri ilə gətirdikləri cihazın bizi xilas edəcəyinə inandırmağa çalışırlar. Maraqlıdır ki, onlar eyni zamanda dükanlarda satılan əksər suların zərərli olduğunu dəfələrlə təkrarlayırlar. Və bir neçə su markasının adını çəkərək ancaq onları almağı, onlardan içməyi tövsiyə edirlər. Bunun hansı məqsədlə edilməsi sualına isə dəqiq cavab tapmaq çətin olur.

Onlara heç kim inanmır desək, böyük səhv olar. Bəlkə də, bu yazını oxuyanın neçəsi artıq tora düşüb.

Əlbəttə, onlar yalnız evə gəlmir, sosial şəbəkələrdə də aktivdirlər. Virtual aləmdə də işlərini yüksək şəkildə quran bu şəxslər qarşısına çıxan hər kəsi caymağına keçirmək üçün min oyundan çıxırlar. Amma reallıq budur ki, onların əksəriyyəti 3 manatlıq mallarını dəfələrlə baha qiymətə satmaq, alıcını bu qiymətin reallığına inandırmaq üçün az qala sehrbazlıq edib suyun içərisindən nə desən çıxarırlar.

Bu şirkətlərin su bazarını alt-üst etdiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a onlara qarşı mübarizəyə başladıqlarını bildirib: “Onlar arasında ciddi olanlarla yanaşı, təsadüfi şirkətlər, satışdan sonra gizlənən, məhsulu keyfiyyətsiz olanlar da var. Bu cür şirkətlər su bazarını mənfi informasiyalarla alt-üst edirlər. Krandan gələn suyun keyfiyyətini öyrənmək üçün ötən il “Azərsu” ASC-yə müraciət etdim. Onlar suyun təmizlənmə prosesini ictimai təşkilat kimi mənə göstərdilər. Apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, “Azərsu” suyu kifayət qədər yaxşı təmizlədikdən sonra əhaliyə təqdim edir. Lakin su filtr şirkətləri heç bir elmi əsası olmayan qeyri-professional təcrübələri ilə guya suyun təhlükəli olduğunu nümayiş etdirirlər. Onların filtrdən keçən suyun qalıqları kimi təqdim etdikləri maddənin insan bədəninə zərərli olub-olmadığının elmi sübutu yoxdur. İnsan bədəninin suya reaksiyası fərqlidir. Kran suyunu bir bədən qəbul edə, digər bədən üçün isə bu, zərərli ola bilər. Hər bir insanın su xəritəsinin hazırlanması daha realdır. Ola bilər ki, dağlıq rayonda yaşayan birinin böyrəyində daş olsun, aranda nitritli su içənin isə heç bir böyrək problemi olmaya bilər. Yəni məsələ bu qədər fərdidir”.

Krandan gələn suyun bulanıq olma səbəbinə toxunan sədr bunun su infrastrukturunun köhnəliyi, tez-tez xətlərdə qəzaların baş verməsi, suyun verilişində məhdudiyyətlərin yaranmasından qaynaqlandığını dedi: “Bunlar əhalinin kranından gələn suyun bulanıqlığına təsir edir. Ona görə də su infrastrukturunu yeniləmək üçün iş aparılmalıdır”.

E.Hüseynov deyir ki, həmin şirkətlərin istifadə etdiyi avadanlıqlardan Azad istehlakçılar Birliyində də var: “Onlar avadanlıqların iş prinsipini araşdıracaqlar. Həmin şirkətlərin cihazlarının xüsusiyyətlərini öyrənəcəyik. Bu istiqamətdə iş aparmaq üçün sözügedən sahənin alimləri ilə hələ əlaqə qura bilməmişik. Həmçinin təmizlənmiş suyun ölü su olub-olmadığını, mineralların ölməsini araşdıracağıq. Biz su filtrləri satanların monitorinqini aparmaq üçün mütəxəssislər axtarırıq. Məqsədimiz suyu təmizləməyən, insanları aldadan şəxsləri sıradan çıxartmaqdır. Bu istiqamətdə apardığımız işlərdə lazımi səviyyəyə çatmamışıq.

Bu şirkətlər arasında həqiqətən suyun tərkibini təmizləyənlər var. Lakin bu məsələyə tam aydınlıq gətirmədiyimizdən dəqiq məlumat verə bilmərəm. İnsanlar evlərinə gələn şirkət nümayəndələrindən ofislərinin olub-olmadığını, ünvanlarını öyrənsinlər, sertifikatlarını tələb etsinlər. Bu məhsulları internet üzərindən satanlar arasında aldadanlar çoxdur. Təəssüf ki, “Azərsu” insanları aldadan 20-yə yaxın bu cür şirkətə qarşı heç bir tədbir görmür”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bu şirkətlərə qarşı mübarizə aparmaq niyyətlərinin olmadığını dedi: “Bizi narahat edən bu şirkətlərin insanlara yanlış məlumat verməsidir. “Azərsu”yun abonentlərə verdiyi suyun çirkli olduğunu dediklərinə görə onlara qarşı çıxırıq. Yoxsa hər hansı şirkətin su filtrlərini satmasına qarşı çıxa bilmərik. Onlara qarşı mübarizə aparmaq niyyətimiz yoxdur”.

Paytaxtda su filtrləri şirkətlərinin satışı ilə məşğul olan şirkətlərdən birinin nümayəndəsi Faiq Novruzov şəhər şəbəkə sularını PBS cihazı ilə, daha dəqiq yoxlamaq üçün “Azərsu”yun laboratoriyasına müraciət etdiklərini dedi: “Bəzi hallarda nümunələri Türkiyəyə göndəririk. “Azərsu” bizə suyun dəyərlərini deyir. Əlbəttə, şəbəkə suyuna içməli su olduğunu bildirirlər. Biz də ona etiraz etmirik. Sadəcə daha təmizini istəyənlərin evinə filtrləri quraşdırırıq. Digər şirkətlər kimi evlərə gedib, xidmət təklif etmirik. Bizim əlaqə nömrələrimizə müraciət edən şəxslərin ünvanlarına gedib sadəcə suyun codluğu və yumuşaqlığını yoxlayırıq. Bundan sonra daha təmiz su istəyənlərin evində cihaz quraşdırırıq. 20-ci sahə, Bayıl tərəfdə su daha cod, Badamdar tərəfdə isə daha palçıqlıdır. Nizami küçəsi ətrafına verilən su isə daha təmizdir”.

Xəbər lenti