Anar Nağılbazla bağlı daha bir sirr üzə çıxdı Sən demə...

698
Anar Nağılbazla bağlı daha bir sirr üzə çıxdı Sən demə...

Mynews.az Bəstəkar Məryəm Əlibəylinin Milli.Az-a müsahibəsini təqdim edir:

- Məryəm xanım, uşaq mahnıları və qrupunun yaradıcısı kimi tarixdə qalmısınız. Necə oldu ki, bu yola qədəm qoydunuz?

- Artıq oktyabr ayının 1-də mənim 50 yaşım tamam olacaq. Əsrin yarısını haqlamışam. Mən ruhən uşaq ola-ola yaşlandım. Əslində uşaqlarla işləmək, uşaq qrupları yaratmaq, uşaq mövzularına müraciət etmək çox çətindir. Mən mahnılarımı 7-8 ci sinifdə oxuyanda yazmağa başladım, amma ilk ciddi musiqim 1990-cı ildə şəhidlərə həsr etdiyim "Bakı yanvar 1990" adlı mahnım olub. Universitet illərində müğənni Azərinlə tanış oldum, onun səs diapazonuna uyğun mahnılar yazdım. Daha sonra Flora Kərimova, Elxan Əhədzadə kimi sənətkarlarla çalışmağa başladım. O vaxtın ən məşhur qruplarından biri olan "N&M"i yaratdım. Sonra öz bacım qızı Xəyalə Manaflı ilə çalışmağa başladım. Artıq Xəyalə böyüyəndə mən özümə "Can bala" qrupunu yaratdım. Bir sözlə özümü tamamilə uşaqlara həsr etdim. Bundan əlavə həm teatr, həm də kino üçün mahnılar işlədim.

- Bir bəstəkarın uşaq mahnısı yazması üçün ona hansı şərait lazımdır?

- Problemlər, qayğılar həmişə olub və olacaq da. Amma uşaq ruhlu, uşaq qəlbli olmalısan ki, uşaqlarla işləyə biləsən. Uşaq şairi, uşaq yazıçısı ola bilərsən, amma özünün də daxilən içində uşağlıq olmalıdır ki, o obrazı yaşaya biləsən.

- O uşağlıq sizdə var?

- Mən hər zaman fikirləşirəm ki, adam olmağı hamı bacarır, amma "insan" olmağı yox. Mənim adım Məryəmdir. Mən çalışıram ki, hər addımımda Məryəm adını qoruyub saxlayım. İnsan hər şeylə özünü doğrultmalıdır.

- Uşaq mahnılarının Azərbaycanda Oqtay Zülfüqarov kimi dahi bəstəkarı olub. Bu ən-ənəni hal-hazırda siz davam etdirirsiniz. Bu qədər məsuliyyətli işlə məşğul olmaq çətindir?

- Bəlkə bir çoxları deyə bilər ki, uşaq mahnısı yazmaq çox çətindir, amma bu mənim üçün adi hala çevrilib. Peşəkaram deyə mənim üçün uşaq mahnısı yazmaq çətin deyil. Sadəcə uşağın psixologiyasını bilmək, onun "dilini tutmaq", istədiyi obrazları yaradıb vermək lazımdır ki, mahnıları sevə-sevə dinləsin, sonra onu tamaşaçılara çatdırsın. Bu da səmimiyyətdən irəli gəlir. Bəli, hal-hazırda uşaq mahnıları qıtlığı var, amma mənim fantaziyam dayanmadan işləyir. Bu təbii ki, uşağa olan sevgidən irəli gəlir. Uşaq mahnılarının içində "Çərpələng", "Münəccim baba", "Quzum" mahnısı buna bariz nümunədir. Tam səmimi deyirəm ki, mən bunu sevə-sevə edirəm.

- Uşağları sevmədən onlara mahnı bəstələmək olar?

- Xeyr! Uşaqları sevmədən qrup yaradıb, onlarla işləmək belə çətin olar. Elə uşaq var ki, kaprizləri olur, qrupun içində yavaş-yavaş onu elə vəziyyətə gətirib çıxarıram ki, valideyn artıq özü təəccüblənir ki, uşağım dəyişib. Bu da uşaqlara olan qayğımdan, məhəbbətimdən irəli gəlir. Bundan sonra həmin ərköyün uşaq öz tikəsini dostu, yoldaşı ilə bölüşməyə başlayır.

- Bəstəkar kimi pedoqoji fəaliyyətlə məşğul olursunuz?

- Uşağlarla evdə fərdi məşğul oluram. Mən çalışıram ki, daha çox sosial layihələr edim. Efir üçün bir layihəm var. İstəyirəm ki, uşaqlar bundan da yararlansınlar.

- Hazırda uşaq mahnıları yazılır?

- Təbii ki yazanlar var. Bir şair var deyir ki, "uşaq şeirini qoyublar uşaq yerinə". Yəni o, demək istəyir ki, uşaq şeirini yazmaq asan deyil. Bizdə də uşaq mahnılarını qoyublar uşaq yerinə. Uşaqlar da artıq özlərinə uyğun olan nələrəsə baxmaq istəyir. Bəlkə də mən uşaq mahnılarını müasir tərəfdən göstərirəm deyə yazdıqlarım bu gün də sevilir. Artıq mən də öz mahnılarımı təbliğ edə bilmirəm. Çünki uşaq verilişləri yox dərəcəsindədir. Bu hallardan mən də yoruluram, inciyirəm. Uşaqların mahnısı çoxdur, harda oxusunlar?

- Yazılan mahnılardan razısınız?

- Yazanlar yenə də var, amma çox azdır. Ola bilər ki, bəlkə də bu janrda olan mahnılar pul gətirmir deyə yazmırlar. Mən istərdim ki, uşaq mahnıları yazanlar çox olsun ki, rəqabət də olsun. Yazılan mövzulara da baxanda görürsən ki, çox primitivdir.

- Toy mahnıları yazırsınız?

- Bəli, yazmışam. Peşəkar musiqiçi hər janra muraciət etməyi bacarmalıdır. Bəzən müraciət edirlər ki, mən toy mahnısı istəyirəm. Əlbəttə ki, yazıram! Bəs çörəyimi hardan yeyim? Biz hər mövzuda mahnılar işləyirik. Professional səviyyədə mahnılar yazmaq lazımdır. 7 notdan ibarət o qədər möcüzələr yarana bilər ki, heç biri bir-birinə bənzəməz. Sentyabr ayında Miri Yusif, Manana, Brillyant Dadaşova ilə mahnılar işləyə bilərəm. Rəhmətlik Anar Nağılbaz mənə 2 il əvvəl müraciət etdi ki, 1-2 sətir musiqi hazırlamışam, sən bax. 2 sətir mənə təqdim etdi, mən də ondan bir mahnı etdim. Anarın fikri var idi ki, biz bu mahnını duet şəklində ifa edək. O bir reper kimi, mən də bir bəstəkar kimi. Nəsə yeni bir iş ortaya qoymaq istəyirdik. Heyf ki, alınmadı, ömür vəfa etmədi ki, oxuyaq. Anarı mən uşağlıqdan tanıyırdım, böyük dostluğumuz da var idi. Bizim hətta son yazışmalarımız da qalıb. O mənə yazmışdı ki, adımı çəksən də, çəkməsən də bu mahnını sənə halal edirəm. Ola bilər ki, həmin mahnını hansısa məşhur Anar Nağılbazın ruhuna ithaf edərək oxusun.

Xəbər lenti