Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratmış, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub.
Azərbaycan Sərhəd Mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilməkdədir.
Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı eyni zamanda sərhədyanı rayonların əhalisi ilə sıx qarşılıqlı əlaqələr quraraq onların müqəddəs sərhədlərimizin mühafizəsindəki roluna xüsusi önəm verir və sosial-məişət problemlərinin həllində də yaxından iştirak edir. Belə sosial yönümlü tədbirlərdən biri də 2018-ci ilin sentyabr ayının 17-də Xudat sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilməsi olub.
Respublikamızın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlib, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından köməklik göstəriblər. Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəyə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası sərhədçi minnətdarlığının və ehtiramının ifadəsi olaraq Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib.
Məktəbin açılış mərasimində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək məktəbin pedoqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, ucqar kənd məktəbinin əsaslı təmir olunmasında öz köməkliyini əsirgəməyən Dövlət Sərhəd Xidmətinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı qeyd edilib.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu təhsil siyasətindən, həyata keçirilən islahatlardan, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı danışılıb.
Tədbirin sonunda rəmzi qırmızı lent kəsilmiş və qonaqlar yeni təmir edilmiş məktəbin sinif otaqlarını gəzərək yaradılmış şəraitlə tanış olublar.