Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Mynews.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Eldar Sultanov qeyd edib ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Qurum rəsmisi qeyd edib ki, Qüdrət Şükürovun Azərbaycanı tərk etməsi ilə bağlı yayılan məlumatlar doğru deyil.
Qeyd edək ki, dünən “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.
Xatırladaq ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.