Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti yenidən pisləşib.
Mynews.az xəbər verir ki, Türkiyədəki mənbənin modern.az-a verdiyi məlumata görə, sabiq nazir bu səbəbdən yenidən "American Hastanesi"nin reanimasiya şöbəsinə yerləşdirilib, hazırda lazımi tibbi müdaxilələr edilir.
Xəbərə görə, F.Məmmədovun həyat yoldaşı Günay Məmmədova da xəstəxanadadır.
Xatırladaq ki, ilin əvvəlində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.
Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.