Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb.
Mynews.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.
Qeyd olunub ki, sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.
Hazırda Badamdardakı sürüşmə zonasında drenaj quyuları qazılır.
Bu barədə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov deyib.
O bildirib ki, 150 metr dərinliyində 5 quyu qazılacaq:
"Hazırda 3 quyunun qazılmasına başlanılıb. Quyuların qazılmasında məqsəd yeraltı suların səviyyəsini aşağı endirməkdir. Hazırda fəaliyyət göstərən quyular da var, qazılan quyular əlavədir".
Şöbə müdirinin sözlərinə görə, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür:
"İnsanlar köçürülüb, yol bağlanılıb. Obyektlərin suyu, işığı kəsilib ki, yanğın, təhlükə, insan tələfatı olmasın. Digər tədbirlər isə araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçiriləcək. Evlərin sökülüb sökülməməsi ilə bağlı qərar da tədqiqatların nəticələrinə əsasən veriləcək. Hazırda evlərdə yaşayış yoxdur".